Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan”, “Qarabağ” yataqlarında hazırlığa doğru işlər gedir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan”, “Qarabağ” yataqlarında  hazırlığa doğru işlər gedir"

"Bu, vacib mərasim idi və mənim orada iştirakım, əlbəttə ki, Azərbaycanın artan rolunun təzahürüdür. Çünki bu, təbii ki, Azərbaycan qazından söhbət gedir və Serbiya Azərbaycan qazını alan sayca səkkizinci ölkədir. Bu vaxta qədər Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan artıq bizim qaz sistemimizə qoşuldu, müxtəlif interkonnektorlar da yaradıldı və bütün bu interkonnektorların təkanverici qüvvəsi Cənub Qaz Dəhlizi olmuşdur. Çünki əgər biz vaxtilə bu təşəbbüslə çıxış etməsəydik və nəinki təşəbbüslə, əgər bunu həyata keçirməsəydik, təbii ki, bu gün hər hansı bir interkonnektordan söhbət gedə bilməzdi. Bütün bu interkonnektorlar, o cümlədən Yunanıstan-Bolqarıstan və Bolqarıstan-Serbiya, Rumıniya və Macarıstan Cənub Qaz Dəhlizinin bir budağıdır. Yəni, bu gün səkkiz ölkə Azərbaycan qazını alır, onlardan altısı Avropa ölkəsidir. Gələcəkdə bu ölkələrin sayı artacaq. Çünki biz bir neçə Avropa ölkəsi ilə indi danışıqlar aparırıq və deyə bilərəm ki, danışıqlar önəmli mərhələdədir".

Marja.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirib.

Prezident sözlərinə belə davam edib:

"Tələbat var və artacaq, resurslarımız var, “Şahdəniz” qaz yatağı dünyanın ən böyük qaz-kondensat yatağıdır. Keçən il başlamışdır, amma bu il artıq 1,5 milyard kubmetr qaz “Abşeron” qaz yatağından çıxarılacaq. Bu, əlavə resursumuzdur. Ondan sonra, ümid edirəm ki, hər halda qarşıya belə vəzifə qoyulub, bu ilin sonuna - dekabr ayına qədər “Azəri-Çıraq-Günəşli” yatağında “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq. Orada da potensial çox böyükdür.

Bizim digər layihələrimiz və “Abşeron” qaz yatağının ikinci fazası - bu barədə də qərar qəbul edilməlidir, yəni, investisiya qərarı. Bu qərar qəbul olunarsa, əminəm ki, olunacaq, “Abşeron”da illik hasilatın həcmi 5 milyard kubmetr təşkil edəcək. Yəni, bu, çox əhəmiyyətli rəqəmdir. Ondan başqa, “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan”, “Qarabağ” - bütün bu yataqlarda bu gün hazırlığa doğru işlər gedir və onların da resurs bazası kifayət qədər böyükdür. Yəni, mən vaxtilə deyəndə ki, 100 il bundan sonra da Azərbaycan tərəfdaşlar üçün önəmli tərəfdaş olacaq, bunu nəzərdə tuturdum və bu gün bu reallaşır. Onu da bildirməliyəm ki, Cənub Qaz Dəhlizi indi tam gücü ilə işləyir və əgər bu dəhlizlə biz əlavə qaz həcmini göndərmək istəsək, onda o, gərək genişləndirilsin. Oraya, əlbəttə, əlavə vəsait qoyulmalıdır. Amma bu nasos stansiyaları vasitəsilə genişləndirilə bilər və tələbat da var. Prinsip etibarilə Azərbaycanda gələcəkdə yeni qaz infrastrukturunun yaradılması məsələsinə də baxıla bilər, bunu da biz nəzərdən keçiririk.

Avropa Azərbaycanın bu sahədəki fəaliyyətini nəinki dəstəkləyir, hətta bir çox hallarda bizə müraciətlər də olmuşdur və bu müraciətlərə biz müsbət cavab vermişdik. Avropa Komissiyası qeyd etdiyiniz kimi, Azərbaycanı etibarlı tərəfdaş adlandırıb. Avropa İttifaqının Enerji Komissiyası isə Azərbaycanı Panavropa qaz təchizatçısı adlandırmışdır və onlar tam haqlıdır. Bizim Avropa məkanına göndərdiyimiz qazın həcmi çox da olmasa, təqribən 12 milyard kubmetrə yaxındır. Halbuki bu, bizim ixracımızın yarısıdır. Amma ölkələrin əhatəsi məhz o ifadəni tamamilə haqlı edir, yəni, Panavropa təchizatçısı.

Əlbəttə ki, bu, bizim böyük nailiyyətimizdir. Bu, bizə böyük dividendlər gətirir, həm iqtisadi, həm də təbii ki, siyasi. Çünki sirr deyil ki, qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır. Bizim üstünlüyümüz məhz ondadır ki, biz böyük yatırım qoyaraq müasir qazpaylayıcı şəbəkə yaratmışıq. Resurs bazamız kifayət qədər böyükdür və artacaq. Avropada tələbat da mütləq artacaq. Çünki onlar nə qədər yaşıl enerjiyə keçid etmək istəsələr, yenə də təbii qaza ehtiyacları olacaq.

Amma yaşıl enerjiyə gəldikdə, yenə də burada Azərbaycan öz rolunu oynayacaq. Çünki yaşıl enerji dəhlizi, o cümlədən Qara dənizin altı ilə çəkiləcək kabel də Azərbaycan resurslarına hesablanıb. Yəni, qazla, neftlə bağlı bütün məsələlər həll olunub. Yaşıl enerjini ixrac etməklə bizim önəmimiz daha da artacaq. Avropa Komissiyasında, əlbəttə ki, bunu yaxşı başa düşürlər və martın əvvəlində Bakıda Cənub Qaz Dəhlizinin növbəti Məşvərət Şurası keçiriləcək və bu Məşvərət Şurasına Azərbaycanla Avropa Komissiyası həmsədrlik edir.

Ancaq bu məsələ ilə bağlı bir məqama diqqət yetirmək istərdim. Əfsuslar olsun ki, Avropada bəzi siyasətçilər ya bunu anlamırlar, ya onlarda kifayət qədər informasiya yoxdur və sentyabr hadisələrindən sonra hətta bəziləri bəyan edirdilər ki, Azərbaycanla Avropanın qaz əməkdaşlığı dayandırılmalıdır. Belə açıqlamalar, əlbəttə ki, bizim əməkdaşlığımızı gücləndirmir. Düzdür, bu açıqlama Avropa Parlamentinin sədri tərəfindən verilmişdi. Avropa Komissiyası heç vaxt belə açıqlamalar verməyib və təbii ki, verməyəcək. Amma Avropa Parlamentinin sədri kiçik vəzifə deyil və əgər bu şəxs bunu deyirsə, deməli, burada düşünməyə mövzu var. Amma onu bəri başdan bildirməliyəm ki, əgər hər hansı bir səbəbə görə bu mövqe üstünlük təşkil etsə, onda, sadəcə olaraq, bizimlə uzunmüddətli kontraktlar imzalayan şirkətlər 100 milyonlarla, bəlkə də milyardlarla avro dəyərində cərimələr ödəməli olacaqlar. Ona görə belə cəfəng açıqlamalar verən məsul şəxslər daha diqqətli olmalıdırlar.

Azərbaycan qaz ixracından neft ixracı ilə müqayisədə qat-qat az gəlir əldə edir. Prinsip etibarilə əgər fərz etsək ki, bu gün bizim qaz ixracımız yoxdur, adi vətəndaş bunu heç vaxt hiss etməyəcək. Əgər bizim qazımızın Avropaya nəqli hansısa səbəbə görə kəsilsə, onda bir çox ölkələr daha çətin vəziyyətə düşəcək və bunu Avropada hər kəs başa düşməlidir, o cümlədən məsuliyyətsiz bəyanatlar verən Avropa Parlamentinin sədri də bunu bilməlidir".

11.01.2024 08:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ