Gəncədə qeyri-adi muzey FOTO
İkibaşlı buzov, ikicanlı donuz, bədənsiz doğulmuş heyvan başları, bədheybət təpəgözlər, amputasiya edilmiş əllər, ayaqlar, eləcə də neçə-neçə əcaib görünüşlü canlılar... Bəlkə də çox insanlar bu cür qorxunc varlıqları ya mifik surətlər haqqında kitablardan oxuyub, ya da həmin canlılardan bəhs edən filmlərdə görüblər. Təbiətin anomal hadisələri səbəbindən bu cür doğulan canlılara aid yüzlərlə cəsəd və daxili orqanların qalıqları, çoxlu sayda heyvan buynuzları, müqəvvalar, preparatlar, mulyajlar Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində yaradılmış Pataloji Anatomiya Muzeyinin ən qiymətli və nadir eksponatlarını təşkil edir.
Əsası universitetin alimləri Ənvər Xəlilov və Firudin Namazov tərəfindən 1940-1950-ci illərdə qoyulan Pataloji Anatomiya Muzeyi insan, heyvan və quşlarda yaranan xəstəlikləri, eləcə də bu xəstəliklərin təsiri ilə baş verən dəyişiklikləri öyrənmək məqsədilə təşkil olunub. Hazırda minlərlə eksponatın qorunduğu bu nadir muzeyə baxdıqda hiss olunur ki, vaxtilə həmin alimlər belə bir elmi-tədqiqat xarakterli muzeyin yaradılması üçün böyük əmək sərf ediblər. Çünki, Pataloji Anatomiya Muzeyində mühafizə olunan eksponatların bir hissəsi sifariş əsasında, həmin illərdə SSRİ-də bu sahə üzrə ixtisaslaşan müəssisələrdən alınsa da, əksəriyyəti universitet alimlərinin zəhməti hesabına toplanılıb.
Pataloji Anatomiya Muzeyi haqqında ətraflı məlumat verən əczaçılıq və baytarlıq-sanitariya ekspertizası kafedrasının dosenti Ehkam Əliyev bildirib ki, burada patalogiyanın bütün sahələrini əhatə edən xəstəliklərə aid eksponatlar var. Muzeydə eksponatların sərgiləndiyi dolab və rəflərdən birincisində yerli ölüm, yaxud nekrozlara aid nümunələrə, insanın ana bətnində aylar üzrə böyüməsini və uşağın inkişafını göstərən embrionlara rast gəlmək mümkündür. Digər dolablara heyvanlardakı maddələr mübadiləsi pozğunluqarını göstərən nümunələr toplanıb. Heyvanların ayrı-ayrı orqanlarında yaranan müxtəlif ölçülü öd, mədə, böyrək, sidik kisəsi daşları, qumlar və duz kristallarının qorunub saxlanıldığı nümunələr də muzeyin dəyərli eksponatlarıdır. Həmçinin dolab və rəflərdə qan dövranı pozğunluqları, tromblar, qanaxmalar və qansızmalara aid nümunələr də yerləşdirilib.
Muzeyin ən böyük guşələrindən biri isə xərçəng xəstəliyinə və müxtəlif şiş xəstəliklərinə həsr olunub. Bu rəflərdə düzülmüş yoluxmayan daxili xəstəliklərə - ürək, böyrək, qara ciyər, dalaq, mədə və bağırsağa aid eksponatlar görənlərin marağına səbəb olur. Bir başqa guşələrdə isə göbələk, parazitar, qan parazitar, bakterial və virusların törətdiyi xəstəliklər, həmçinin canlılarda rast gəlinən müxtəlif anomaliyalara aid nümunələri görmək mümkündür.
Muzeydən həm də universitetin bu sahə üzrə təhsil alan tələbələri və gənc tədqiqatçılar elmi araşdırmalar aparmaq məqsədi ilə istifadə edirlər.
Ölkəmizdə baytarlıq təbabəti və zoomühəndislik elminin inkişafında böyük rola malik olan Pataloji Anatomiya Muzeyi haqqında danışan Ehkam Əliyev qeyd edib ki, uzun illərdir konservant məhlullarda qorunub saxlanılan eksponatlar universitet alimlərinin səyi nəticəsində ildən–ilə zənginləşir. Belə ki, fərdi sahibkarlar tərəfindən müxtəlif fermer təsərrüfatlarına dəvət alan alimlər xəstə heyvanlar və quşlar üzərində müəyyən tədqiqatlar aparırlar. Canlılarda hər hansı xəstəliklər aşkarlandıqda heyvanlar və quşlar muzeyə gətirilir və həmin cəsədlərin elm üçün əhəmiyyətli hissəsindən nümunələr götürülür.
Pataloji Anatomiya Muzeyi minlərlə eksponatın qorunub saxlandığı zaldan və elmi-tədqiqat laboratoriyasından ibarətdir. Aqrar Universitetin müvafiq ixtisas üzrə təhsil alan tələbələri burada alimlərin mühazirələrini dinləyir, laboratoriyada xəstəliklərin mikroskopik quruluşunu öyrənir, daha sonra isə eksponatlar vasitəsilə həmin xəstəliklərin makroskopik vəziyyəti ilə yaxından tanış olurlar.
©Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Ən çox oxunanlar
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq





















