Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Pul vacibdir, amma onu itirməmək və puldan pul qazanmaq üsullarını bilmək də vacibdir” - MÜSAHİBƏ

Vüsal Məmmədov:“Azərbaycanda əlində 100 min dollar olan vətəndaş dəbdəbəli restoran tikir, hər cür şərait qurur, amma müştəri yığa bilmir, nəticədə kapitalını itirir. Belə misallar çoxdur. Deməli, pul vacibdir, amma onu itirməmək və həmin puldan pul qazanmaq üsullarını bilmək də vacibdir”.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Pul vacibdir, amma onu itirməmək və puldan pul qazanmaq üsullarını bilmək də vacibdir” - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Reallıq budur ki, Azərbaycanda insanların əksəriyyətində heç bir yığım olmur".

"Maliyyə savadlılığı mühim maliyyə qərarlarının qəbulu üçün lazım olan bilik və bacarıqlar deməkdir. Hər gün minlərlə insan harada bank hesabı açacağına, hansı ipotekanı seçəcəyinə, pullarını hara yatıracağına və pensiyaya necə qənaət edəcəyinə qərar verir. Düzgün maliyyə qərarlarının verilməsi və maddi rifahı yaxşılaşdırmaq üçün məlumatlılıq, bilik, bacarıq, baxış və davranışlar vacibdir".  Bu sözləri Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi şəhadətnaməli məsləhətçisi və fond bazarında 10 ildən çox təcrübəyə malik maliyyə üzrə ekspert Vüsal Məmmədov müsahibəsində deyib.  

- Vüsal bəy, ölkəmizdə vətəndaşların şəxsi maliyyə resurslarını idarə etmə və maliyyə xidmətlərindən doğru istifadə səviyyəsini necə qiymətləndirmək olar?

- Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda yetkin əhalinin təxminən yarısı əsas maliyyə anlayışlarını kifayət qədər yaxşı başa düşmür. Əsasən, az gəlirli qruplar, eləcə də qadınlar, gənclər və yaşlı insanlar maliyyə biliklərinə gəldikdə əhalinin qalan hissəsindən daha az məlumatlıdırlar. 2015-ci ildə devalvasiyadan sonra vətəndaşlarımızın çoxunun banklara irihəcmli borcları yarandı. Bu böhranlı vəziyyətin əsas səbəblərindən biri də etiraf edək ki, əhalinin maliyyə savadlılığının lazımi qədər olmaması idi. Banklara kredit müraciəti edənlərin əksəriyyəti öz gəlir və xərc balansını nəzərə almır, üstəlik krediti qaytarmaq məsuliyyətini, demək olar ki, dərk etmirdilər. Kredit asılılığı insanlarda gəlir və xərc planlaması sistemini alt-üst edir və nəticədə illərlə ödənilən kreditləri tam ödəyib bitirə bilmirlər. Diqqət yetirsək, görərik ki, əksər insanlar  bir miqdar vəsait əldə etdikdən sonra o pulu hara və necə xərclədiyini bilmir, başqalarından fərqlənmək üçün, əsasən, yüksək qiymətli və məlum markalardan olan telefonlar, maşınlar və bu kimi nəsnələr alırlar. Təbii ki, aylıq xalis gəliri bu reallığa cavab verməyən insanlarda belə halların olması təəssüf hissi yaradır. Azərbaycanda nisbətən maliyyə savadlılığı yüksək olan az sayda fərdlər əllərində olan vəsaitdən daha səmərəli istifadə edərək gəlirlərinin davamlı artmasını təmin etməyə nail olurlar.

- Maliyyə savadlılığı əhalinin maddi rifahı, Azərbaycanın iqtisadi artımı, maliyyə sabitliyi və maliyyə inklüzivliyi üçün nə dərəcədə vacibdir ?

-Maliyyə savadlılığı yüksək olan insan xidmət və məhsullara qarşı rasional davranır, onlardan daha səmərəli istifadəyə, daha düzgün seçimlər etməyə, həmçinin yığıma meyilli olur. Həm qənaət edir, həm də yatırım üçün fürsət gözləyir. Maliyyə savadlılığı özünə güvən və əminlik hissini artırır. Maliyyə bilikləri çox olan insanların gəlir və xərclərinə nəzarəti yüksək olur. Belə insanların sayı artdıqca maliyyə sektorunun real iqtisadi artımı və yoxsulluğun azalması ehtimalı da artmış olur. Qlobal miqyasda maliyyə savadlılığı mühim problemdir. OECD-nin (İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı) 2021-ci ildə apardığı beynəlxalq araşdırmaya görə, sorğuda iştirak edən yetkin insanların yalnız 17%-nin maliyyə savadlılığının qənaətbəxş olduğu aşkarlanıb. Maliyyə baxımından müdrik vətəndaşlar ağıllı istehlakçılardır və maliyyəni idarə edə, ümidsiz borclardan qaça və gələcək üçün plan qura bilirlər. Bu da öz növbəsində hökumətin insanlar üçün işləyən fiskal siyasət hazırlamaq vəzifəsini asanlaşdırır. Vətəndaşların davranışları ölkə iqtisadiyyatına birbaşa təsir edir. İnsanlar gündəlik həyatlarında iqtisadi proseslərə təsir edən müxtəlif qərarlar verirlər. Ümumiyyətlə, cəmiyyətin rifahı nə qədər yüksək olarsa, dövlət də o qədər güclü olar. Bütün dövlətlərin məqsədi cəmiyyətin rifahını artırmaqdır. Cəmiyyətin rifahı nədir? - Cəmiyyətdəki ayrı-ayrı fərdlərin rifahının cəmidir. Rifah isə qazanc və xərc arasındakı nisbətdən asılıdır.

- Maliyyə savadlılığı ən çox hansı əhali qrupu üçün vacib hesab olunur?

- Cəmiyyətdə evdar qadın da, məvaciblə çalışan şəxs də, sahibkar da büdcə, qənaət, borcalma, investisiya ilə bağlı qərarlar qəbul edirlər. Bunlar hər birimizin həyatda qarşılaşdığı məsələdir. Düzgün verilən qərar bizim maliyyə vəziyyətimizə müsbət, yanlış verilən qərar isə iflasa qədər gətirəcək bir nəticəyə çevrilir. Daha az borc daha az stress və sağlamlıq deməkdir. Bütöv səviyyədə yaxşı maliyyə savadlılığı daha yaxşı həyat nəticələrinə, genişləndirilmiş şəxsi perspektivlərə, inkişaf edən sahibkarlıq mənzərəsinə və hər kəs üçün daha çox imkanlara səbəb olur. Maliyyə savadlılığı hər kəsə lazımdır. Maliyyə savadlılığı hər üç pillədə – ibtidai, orta və ali təhsil sisteminin təməl daşı olmalıdır. Maliyyə savadlılığı anlayışlarını məktəb və təlim sferalarına, tədris planına daxil etməklə sabahın liderləri olacaq gəncləri bu sahədə maarifləndirib gələcək yaşlı nəsli də bu biliklərlə təmin etmək mümkündür.

- Öz biznesinin inkişafı baxımından sahibkarın maliyyə savadlılığının olması nə üçün vacibdir?

- Maliyyə savadlılığı yüksək olan sahibkarların maliyyə komandasının üzvləri işləri daha effektiv və operativ şəkildə icra edə bilərlər. Yüksək səviyyəli maliyyə savadlılığı sahibkarın öz biznesini rəqibləri ilə müqayisədə irəli aparma ehtimalını daha çox artıran bacarıqdır. Maliyyə savadlılığı yüksək olan sahibkarların öz biznesinə tam nəzarət etmə ehtimalı daha yüksəkdir. Sahibkarlar bizneslərinin maliyyə tərəflərini idarə etməli deyil. Buna baxmayaraq, müəyyən dərəcədə maliyyə savadı sahibkar üçün lazımi məqamlarda fürsətləri gözdən qaçırmayaraq düzgün qərarlar verib gəlir əldə etmək deməkdir. Hər il minlərlə sahibkar kiçik biznes qurur. Bu sahibkarların qarşısında duran əsl problem fəaliyyətin davamlılığı, genişlənməsi və gəlirliliyidir.

- Azərbaycanda sahibkarların ümumi  maliyyə savadlılığını necə dəyərləndirmək olar?

-Azərbaycanda sahibkarların maliyyə savadlılığının aşağı olmasının yaratdığı əsas çətinlik sahibkarların şəffaflığı təmin etməməsidir. Sahibkar vergi qeydiyyatında olmalı, sahibkarlıq fəaliyyəti ilə bağlı vergi orqanlarına gəlirlərin və xərclərin dəqiq əks olunduğu hesabat verməlidir. Sahibkarlar anlamırlar ki, onun götürmək istədiyi kredit istehlak təyinatlı olsa belə, onun gəlirlərinin mənbəyi identifikasiya edilməlidir. Çox vaxt sahibkarın fəaliyyəti sahibkarlıq fəaliyyəti kimi qeydiyyatda olmur və həmin sahibkarlara şəffaflığın təmin edilməsi maraqlı gəlmir. Bu addımını isə sahibkarların çoxu Azərbaycanda  çoxdan sıradan çıxmış “Gəlirlər rəsmiləşdirilsə, daha çox vergi verməyə məcbur olaram” fikri ilə əsaslandırır. Bu kimi addımlar isə, təbii ki, Azərbaycanda sahibkarların bir çoxunun maliyyə savadlılığının lazımi qədər olmasının nəticəsidir. Bizim ölkədə bəzi sahibkarlar maliyyə qərarlarını ümumi biznes qaydalarına uyğun şəkildə deyil, kortəbii və  “fərdi mexanizmlər” əsasında verirlər. Bu da, təbii ki, sahibkarları uğursuzluqla üz-üzə qoyur. Məsələn, Azərbaycanda sahibkarların əksəriyyəti bilmir ki, kredit götürmədən də istənilən vaxtda lazım olan kapitalı əldə etmək mümkündür. Sahibkarlar arasında sual yarana bilər - "Bunu necə etmək olar?" Sahibkarlar vəsait cəlb etmək istəyən şirkətlərə asanlıqla qiymətli kağızlar bazarından borc vəsait və ya əlavə kapital cəlb edə bilər. Qiymətli kağızlar bazarı sahibkara daha əlverişli və qısa zamanda reallaşan Repo əməliyyatlarından yararlanmağı təklif edir. Repo-nun üstünlüklərindən yararlanmaq üçün isə sadəcə hər hansı bir investisiya şirkətinə müraciət edərək sifarişinizi bildirməyiniz kifayətdir. Bu əməliyyat zamanı vəsait cəlb etmək istəyən tərəf Repo satıcısı adlanır və bir növ sahib olduğu qiymətli kağızları “girov” qoymaqla qarşı tərəfdən, yəni Repo alıcısından borc pul götürür. Bir sözlə, sahibkarlarımız bilsin ki, əllərində olan kapitalın batmaması, xidmətin, məhsulun brendə çevrilməsi üçün maliyyə savadlılığı, yanaşma, sahibkarlıq mədəniyyəti vacibdir.

- Azərbaycan vətəndaşları maliyyə risk və imkanlarını qiymətləndirərkən düzgün seçimlər edə bilirlər?

- Sahibkar fəaliyyət göstərdiyi sektorun vəziyyətini, dünyada əmtəələrin qiymətini, birjaları, valyuta kurslarını, ÜDM-ni nəzərə almalıdır. Evdar qadın üçün bunları bilmək əhəmiyyətli deyil. O, ailənin gəlirlərini bölüşdürmək, nələri almaq, nə qədər qənaət etmək, nə qədər borclana bilmək kimi məsələləri nəzərə almalıdır. Ona görə də hər bir vətəndaş sosial vəziyyətinə uyğun şəkildə maliyyə risklərini qiymətləndirməlidir. Düzgün verilən qərar bizim maliyyə vəziyyətimizə müsbət təsir göstərir, yanlış verilən qərar isə iflasla belə, nəticələnə bilər. Azərbaycanda, təəssüf ki, insanlar öz gəlirlərinə uyğun əmlak, əşya almamağa, mövcud iqtisadi şəraitlərini, perspektivlərini düzgün qiymətləndirməməyə, hesablamalardan  çox, hisslərinə üstünlük verməyə daha meyillidirlər. Bizim ölkəmizdə, etiraf etməliyik ki, marketinq hiylələri, lazımsız istehlak üçün insanlara şüuraltı təsirlər daha çox realizə olunur. Azərbaycanda əlində 100 min dollar olan vətəndaş dəbdəbəli restoran tikir, hər cür şərait qurur, amma müştəri yığa bilmir, nəticədə kapitalını itirir. Belə misallar çoxdur. Deməli, pul vacibdir, amma onu itirməmək və həmin puldan pul qazanmaq üsullarını bilmək də vacibdir. Məşhur investor Uorren Baffet deyib -  “Özünə lazım olmayanları alanlar, özünə lazım olanları satmağa məcbur olarlar”. Ona görə də həmvətənlərimiz anlamalıdır ki, rifah qazanc və xərc arasındakı nisbətdən asılıdır. Deməli, ayrı-ayrı fərdlər lüzumsuz istehlaka meyil etdikdə cəmiyyətdə mənfi tendensiyalı dəb yaranır. Necə deyərlər, hamı lüzumsuz istehlak tələsinə düşür. Lüzumsuz istehlak xaricə kapital axını, qazanca uyğun olmayan borclanma, xərclərin düzgün istiqamətə yönəldilməməsi deməkdir.

- Ölkəmizdə maliyyə savadlılığı sahəsində irəliləyişə nail olmaq, əhali qrupları və biznes subyektlərinin maliyyə biliklərini artırmaq üçün hansı addımların atılmasına zəruri ehtiyac var?

- Maliyyə inklüzivliyinin genişlənməsinə baxmayaraq, hökumət təhlükəsiz, əlverişli və rahat maliyyə imkanlarının iqtisadiyyatda bütün yetkin insanlara əlçatan olmasını təmin etmək üçün qaydalara, idarəetməyə, maliyyə savadlılığının təmin olunmasına investisiya qoymalıdır. Maliyyə savadlılığı terminindən yerli-yersiz o qədər istifadə edilib ki, insanlarda ikrah yaratmağa başlayıb. Yanaşmalar doğru olmayıb. Onu da qeyd edim ki, həmin məsələ bu və ya digər dərəcədə bütün dünyanın problemidir. Reallıq budur ki, Azərbaycanda insanların əksəriyyətində heç bir yığım olmur. Əsas səbəblərdən biri - ölkəmizdə insanlar gəlirlərinin çox hissəsini tələbatlarının ödənilməsinə xərcləyir. Nəticədə aylıq gəlirlərdən yığım üçün müəyyən məbləğin ayrılması mümkün olmur. Bunu nəzərə alaraq, ölkədə yığım mədəniyyətinin formalaşdırılması vacibdir. İnsanların əksəriyyəti əlavə sahələrdən də gəlir əldə etmək yerinə aylıq maaşla kifayətlənirlər. Maaşdan asılılıq, təbii ki, maddi çətinliklə yanaşı stress də yaradır. İnsanlarda daimi işləri ilə yanaşı öz xobbilərindən, eyni zamanda digər sahələrdən də pul qazanmaq meyillərini formalaşdırmaq zəruridir. Vətəndaşlar arasında təbliğ edilməldir ki, onlar maaşdan əlavə qazanmaq üçün əllərində olan pulu passiv gəlir mənbəyinə çevirə bilər. Passiv gəlir mənbəyi biznes, qiymətli kağızlar, depozit və s. ola bilər. Bu o deməkdir ki, vətəndaşın iştirakçılığı zəruri olmayan və gəlir gətirən hər bir şey passiv gəlir mənbəyidir. Vətəndaşlara aşılanmalıdır ki, işləyən, işləməyən, evdar qadın, gənc, bir sözlə, müəyyən qədər pulu olan hər bir şəxsin passiv gəlir mənbəyi ola bilər.

-Müsahibə üçün təşəkkür edirik!

Vüsal Məmmədov maliyyə savadlılığı kapital
23.09.2022 08:24

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ