Qeyri-adi süvenirlər, kreativ rəsmlər və milli əl işləri – 2-400 manata satışda
“ABAD” sənətkarlıq mərkəzinin məqsədi kiçik və orta sahibkarlığa, rəqabətqabiliyyətli ailə təsərrüfatının formalaşmasına dəstək verməkdir
Miniatür əsərlər, qeyri-adi süvenirlər, kreativ rəsmlər və bir-birindən maraqlı yüzlərlə milli əl işi bir arada - “ABAD” sənətkarlıq mərkəzində sərgilənir. Bu il martın 18-də fəaliyyətə başlayan mərkəz “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində tarixi Hacı Bani hamamının binasında yerləşir. “ABAD” İçərişəhərdə, xüsusən də Qız Qalasının yaxınlığında olduğuna görə, hər gün buranı yüzlərlə yerli və əcnəbi vətəndaş ziyarət edir.
“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün sosialyönümlü layihələrin həyata keçirilməsidir.
Hər regionun öz torpağından hazırlanan Azərbaycan xəritəsi
“ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. Bu sahədə ilkin olaraq Masallı, Balakən, İsmayıllı, Şəki və Bakıdan ümumilikdə sənətkarlıqla bağlı 63, kənd təsərrüfatı sahəsi üzrə isə 30 ailə seçilmişdir. “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sosial layihələrə dəstəyi çərçivəsində qurulmuş mərkəzdə ilkin mərhələdə “ABAD” sənətkarlıq mərkəzində 63 ailənin 500 adda 2000-dən çox sənət nümunəsi, 5 ailənin isə 10 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə, bal) satışa çıxarılıb.
15 AYLIQ KREDİT GÖTÜR, 12 AYIN FAİZİNİ ÖDƏ!
Məhsulların satış sahəsi elə böyük olmasa da, qeyri-adi və milli çalarları ilə diqqət çəkən əl işləri mərkəzi xeyli zəngin göstərir. Buranı 10-15 dəqiqəyə tərk etmək mümkün deyil. Çünki xüsusi zövqlə hazırlanan əksər əl işləri istər-istəməz adamı çəkib saxlayır. Ona daha diqqətlə baxmaq və mahiyyətini öyrənmək istəyirsən. Sabir Çopuroğlunun neftlə işlədiyi rəsmlər, Asif Kazımovun hər regionun öz torpağından hazırladığı Azərbaycan xəritəsi, eləcə də, Nağı Nağıyevin rəng istifadə etmədən hər regionun gilindən hazırladığı “Anqop” adlı boşqab, digər müəlliflərin qəpikdən hazırlanan balıq, sümükdən hazırlanan mücrü, batika üsullu rəsmlər, milli ornamentlər, eləcə də Bakının simvolları əks olunan mis maqnitlər və digər məhsullar diqqət çəkir. Mərkəzdə şəbəkə sənətinə aid nümunələrə də xüsusi maraq göstərilir.
2 manatdan 400 manata qədər müxtəlif əl işləri satılır
Burada fiziki qüsuru olan insanların da əl işləri yer alıb. Bu əsərlər əsasən miniatür milli musiqi alətləri və müxtəlif fiqurlardan ibarətdir. Bundan başqa, “ABAD” sənətkarlıq mərkəzində irili-xırdalı çoxçeşidli əşyalara, Naxçıvan və Qarabağın tarixi geyimlərini əks etdirən maketlərə, dulusçu və kənd təsərrüfatı məhsullarına rast gəlmək mümkündür.
Təqdim olunan bütün məhsullar onu istehsal etmiş sənətkarın adı, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib. Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulların orijinallığından xəbər verir.
KİÇİK VƏ ORTA BİZNES ÜÇÜN AŞAĞI FAİZLƏ MİKROKREDİT
Mərkəzdə çalışan əməkdaşlar əl işləri ilə bağlı ziyarətçilərə ətraflı məlumat verirlər. Satışa çıxarılan hər bir məhsulun qiyməti üzərində yazılıb. Qiymətləri sənətkar özü müəyyənləşdirir. İşin çətinliyindən asılı olaraq mərkəzdə 2-3 manatdan 300-400 manata qədər satılan müxtəlif əl işləri sərgilənir.
Bələdçilərin dediyinə görə, insanlar daha çox milli musiqi alətlərini xatırladan kiçik süvenirlər, Azərbaycan milli naxışlarının əks olunduğu boşqablar, gəlinciklər, milli papaqlar və taxtadan hazırlanmış fiqurları almağa üstünlük verirlər.
Ailələr sarı və yaşıl kateqoriyaya bölünürlər
“ABAD” mərkəzlərin ictimaiyyətlə əlaqələr üzrə sektor müdiri Elvin Şirinli bizimlə söhbətində bildirdi ki, mərkəzin iki aylıq fəaliyyəti müddətində iştirakçı ailələrin sayı artıb. Belə ki, başlanğıcda 63 ailənin məhsulu sərgilənirdisə, indi belə ailələrin sayı 80-i ötüb. Məhsulların çeşidində də artım var: “Hər bir məhsul ABAD”ın himayəsi altında satışa çıxarıldığı üçün onların keyfiyyətinə ciddi nəzarət olunur. Çünki hansısa məhsulun keyfiyyətində problem olarsa, bu, bütün “ABAD”a xələl gətirə bilər”.
E.Şirinlinin sözlərinə görə, Azərbaycanda sənətkarlıqla məşğul olan kifayət qədər ailələr var. Lakin bəzən onların istehsal etdikləri məhsul əmtəə görünüşünə malik olmur. Belə olduqda, həmin ailə “ABAD”ın seçim siyahısında sarı kateqoriyaya düşür. Bu kateqoriya o deməkdir ki, ailənin istehsal potensialı, bacarığı var, lakin onun hazırladığı əl işi dövrün tələblərinə, müəyyən standartlara cavab vermir: “Bu məsələdə ailəyə dəstək olmaq üçün “ABAD” tərəfindən təlimçilər cəlb olunur. Təlimçilər həmin ailəni lazım olan istiqamətə yönləndirir, bu sahədə öz təcrübələrini onlarla paylaşır. Nəticədə, həmin ailənin işi bir pillə yüksələrək yaşıl kateqoriyaya düşür və “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılır. Hər bir ailə ilə “ABAD” arasında müqavilə imzalanır. Müqaviləni imzalayan ailə “ABAD”çı statusu alır. Növbəti mərhələdə həmin ailə üçün bank hesabı və VÖEN açılır. Bundan sonra fərdi satışdan əldə olunan vəsait birbaşa ailənin bank hesabına köçürülür”.
Qeyd edək ki, “ABAD” bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq edir.
Məhsullar “bir pəncərə” prinsipi əsasında sertifikatlaşdırılır
“ABAD” regionlarda da ailə təsərrüfatlarına dəstək olmağa çalışır. Belə ki, təkcə ötən ay “ABAD” publik hüquqi şəxs ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə bölgələrdə silsilə tədbirlər keçirib. “ABAD”ın Masallı və Balakən rayonlarında fəaliyyət göstərən regional mərkəzləri tərəfindən həmin bölgələrdə yaşayan ailə bizneslərinə monoblok-konteynerlər şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. Bu monoblok-konteynerlərdə pendir, cem və mürəbbə məhsullarının istehsalı üçün bütöv istehsal xətti yaradılıb. Avadanlıqlar əvvəllər kustar üsulla ərsəyə gələn məhsulların bütün standartlara cavab verən şəraitdə hazırlanmasına imkan verir.
Bundan başqa, “ABAD”çı ailələrin istehsal etdikləri məhsulların brendləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması kimi işləri də həyata keçirilir. Həmçinin “ABAD”çı ailələrin istehsal etdikləri məhsulların “bir pəncərə” prinsipi əsasında sertifikatlaşdırılması və satışı təşkil olunur.
Xatırladaq ki, “ABAD” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, ailə biznesinə asan dəstək konsepsiyasının həyata keçiriləcəyi ikinci pilot region kimi, Balakən rayonu seçilib. İndiyədək “ABAD” tərəfindən Masallı və Balakən rayonlarında 12 ailə təsərrüfatına monoblok-konteyner şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. Hazırda “ABAD”a müraciət etmiş digər ailə bizneslərinə müvafiq dəstək göstərilməsi istiqamətində işlər davam edir.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
© “Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 2 gün sonra
-
- 1 gün sonra
-
10 saat əvvəl
“Natura” meyvə şirəsi brendinin təşəbbüsü ilə Laçında ağacəkmə aksiyası keçirilib
-
10 saat əvvəl
“PAŞA Holding” Zəfər Günü münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
17 saat əvvəl
Zəfərin izi ilə: “AS Group”un sosial və infrastruktur layihələri
-
17 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Biznesiniz üçün QISA NÖMRƏ alın
Zəfərin izi ilə: “AS Group”un sosial və infrastruktur layihələri
Noyabrın 9-da gözlənilən hava şəraiti
Bakıda Zəfər muzeyinin açılışı olub
Ən çox oxunanlar
Paşinyan: İlk addımda qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, bu, mənim səhvim idi
Azərbaycan Zəfər Gününü qeyd edir
Bank Naxçıvanda yeni konsepsiya ilə filial açıb
Mercedes-Benz EQS — səssiz və güclü performans
MÜSİAD strateji sahələrdə mövcud güzəştlərin tədricən dayandırılmasının, istehsal üçün ƏDV və enerji tariflərində davam etdirilməsinin tərəfdarıdır
“McDonald's Azərbaycan” və DSMF şəhid övladlarının iştirakı ilə teatr tamaşası təşki edib - FOTO
Hərbçilərə özəl Zəfər kampaniyası!



















