“Azərbaycanın Ukraynası”nda taxıl istehsalı niyə azalıb - "Fermer kartımla toxum aldım, axırı da belə oldu"
Keyfiyyətsiz toxum və əkinçilərə edilməli olan yardımların gecikdirilməsi “Azərbaycanın Ukraynası” adlandırılan Cəlilabadda məhsuldarlığı aşağı salıb. “Moran Aqro” MMC-nin toxumu çıxış verməyib.
Cəlilabad iri kənd təsərrüfatı rayonudur. Xüsusən bu bölgənin taxılı Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Hələ sovetlər zamanında taxılçılıqda qazandığı nailiyyətlərə və istehsalın həcminə görə Cəlilabadı “Azərbaycanın Ukraynası” adlandırırdılar.
Əfsuslar olsun ki, rayonda bu il taxılçılıq üzrə əldə olunan nəticələr ürəkaçan deyil. Rəqəmlərdən başlayaq: keçən ilin payızı rayonda 66 min 570 hektar sahəyə taxıl əkilmişdir ki, bunun da 56 min 500 hektarı buğda, 5 min 200 hektarı arpa və 4 min 870 hektarı vələmirdir. Artıq taxıl biçini başa çatmışdır. Hər hektardan 24,9 sentner buğda, 21,9 sentner arpa, 17 sentner vələmir götürülmüşdür. Kənd təsərrüfatından az-çox başı çıxan hər kəs bu rəqəmlərin Cəlilabad üçün aşağı göstəricilər olduğunu deyir. Müqayisə üçün bildirək ki, torpağının münbitliyinə görə Cəlilabaddan aşağı olan Biləsuvar rayonunda cari mövsüm hər hektardan 28,2 sentner buğda, 26,3 sentner arpa biçilmişdir.
Elə Cəlilabadın özündə keçən il bu sahələr üzrə rəqəmlər müvafiq olaraq 28, 22 və 18 sentner olmuşdur.
Cəlilabad taxılçıları da heç vaxt belə halla rastlaştmadıqlarını söyləyirlər. Ələkbər Abbasov rayonun Günəşli kəndində yaşayır. Ağlı kəsəndən taxıl əkib-becərir.
Yetişdirdiyi məhsulun bir hissəsini ailəsi üçün ruzi götürür, qalanını isə satıb dərdinə-sərinə xərcləyir. Amma heç vaxt belə bir vəziyyətlə qarşılaşmadığını söyləyir.
"80 QƏPİYƏ TOXUM ALDIM, ÇIXIŞ VERMƏYİB"
Ə.Abbasov deyir ki, “Moran Aqro” MMC-dən kiloqramı 80 qəpiyə aldığı toxum, demək olar ki, çıxış verməyib. Payız, qış dolanıb, yaz gəlib, yay olub, lakin tarlada nə taxıl cücərib, nə də məhsul yetişib! Biçin zamanı əkdiyi taxıl sahəsində məhsul olmadığını görən Ə.Abbasov texnikanı işə salaraq oradakı otu mal-qara üçün qaba yem kütləsi kimi tədarük edib.
Günəşli kəndinin digər sakini - mülkiyyətçi Ağasahib Ağayev də aldığı toxumun keyfiyyətindən narazıdır. Bildirir ki, hər il əkdiyi sahədən 6-7 ton buğda götürdüyü halda, bu mövsüm vur-tut 1,5 ton məhsul hasilə gətirə bilmişdir. Ağasahib də məhsulun az olmasını toxumla əlaqələndirir: “Vallah, mən kəndçi babayam, eşitdim ki, hansısa şirkətin bazarın yanındakı dükanında buğda toxumu satırlar. Bir çoxları kimi, mən də fermer kartımda olan vəsaitlə gedib o toxumdan aldım. Axırı da belə oldu”.
Ə.Abbasov və A.Ağayevlə birlikdə mülkiyyətçilərdən Aydın Əzimov, Rafiq Əliyev, eləcə də başqaları bu məsələ ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinə, rayon məhkəməsinə, yerli icra orqanlarına müraciət etsələr də, heç bir nəticəsi olmamışdır.
Yeri gəlmişkən qeyd edək ki, Cəlilabad rayonunda buğda toxumu yetişdirən 7 təsərrüfat var. Salyan Regional Mərkəzi Toxum Analizləri şöbəsinin aqronomu Şakir Babayev məsələyə münasibətini bildirərkən demişdir ki, onlar şirkətlərin xətti ilə gətirilən toxumların keyfiyyətinə cavabdeh deyillər: “Cavabdeh olduğumuz və təsərrüfatlarımızın istehsal edib fermerlərə satdıqları məhsulun keyfiyyətindən isə narazı olan yoxdur”.
Mütəxəssis Ş.Babayevin sözünü qəribçiliyə salmaq istəmirik. Ancaq fermerlərin torpağa böyük ümidlə səpdikləri toxum üçün kimsə cavabdeh olmalıdır. Biz bilən, belə qurum da var, lakin o, öhdəsinə düşən işi görmür, yəni rayonlara gətirilən toxumların keyfiyyətinə nəzarət etmir, baxmayaraq ki, məhsuldarlıq üçün toxumun mühüm şərt olduğunu bilməmiş deyillər. Atalar əbəs yerə deməyiblər ki, nə əkərsən, onu da biçərsən!
"DÖVLƏT TƏRƏFİNDƏN AYRILAN VƏSAİT VAXTINDA FERMERLƏRƏ KÖÇÜRÜLMÜR"
Taxılçılığın inkişafı məqsədilə ölkədə lazım olan bütün tədbirlər görülmüşdür. O cümlədən, torpaq mülkiyyətçilərinə, fermerlərə subsidiyaların, güzəştli qaydada gübrələrin, herbisidlərin və digər dərmanların, lazımi preparatların verilməsi haqqında qərarlar qəbul edilmişdir. Amma nə fayda? Həmin qərarlar bəzən vaxtında icra edilmir və bu səbəbdən bitkilərə də vaxtında aqrotexniki qulluq göstərmək mümkün olmur. Mütəxəssislərin rəyinə görə, taxıl əkini sahələrində yemləmə, yəni azot və karbamid gübrələrinin verilməsi mart ayında başa çatdırılmalıdır. Lakin bunun üçün dövlət tərəfindən ayrılmış vəsaitin vaxtında fermerlərin hesabına köçürülməməsi ucbatından həmin iş nəinki günlərlə, hətta aylarla gecikdirilir, alaq otlarına qarşı mübarizə üçün herbisidlər də həmçinin. Sonradan verilən yardımın isə daldan atılan daş kimi faydası olmur.
Düzdür, mülkiyyətçilər arasında zirək olanları rayondakı dükanlardan nisyə yolla gübrələr ala bilirlər. Amma hamı bunu bacarmır axı... Qeyd edək ki, cari ilin əvvəlində Cəlilabad rayonu üzrə 21 min 452 taxılçı fermer əkin apardıqlarını bəyan etmişdir. Amma onlardan 15 min 452 nəfəri subsidiyanı vaxtında ala bilməmişdir. 7 minə yaxın fermer isə, ümumiyyətlə, subsidiyadan məhrumdur. Səbəbi əkib-becərdikləri torpaq sahələri haqqında hüquqi sənədin - aktın bu günə kimi onlara verilməməsidir.
Göründüyü kimi, bir vaxtlar “Azərbaycanın Ukraynası” olmuş Cəlilabadda taxıl istehsalının aşağı düşməsinin əsas səbəbi əkinçilərin bu sahəyə maraqlarının azalması yox, onlardan asılı olmayan problemlərin vaxtında həll edilməməsidir. Nəzərə alsaq ki, həmin problemlərin fəsadlarından az və ya çox dərəcədə digər rayonların taxılçıları da əziyyət çəkirlər, onda cavabdeh qurumlar təsirli tədbirlər görməlidirlər. Ən azından gələn mövsüm bir daha belə hallarla qarşılaşmamaq üçün.
Marja.az Telegramda: https://t.me/marjaaz
"Azərbaycan"
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
-
2 saat əvvəl
Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
-
2 saat əvvəl
Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb
-
3 saat əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
8 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
8 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
8 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək
Ən çox oxunanlar

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır
