Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANATI

Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və çoxşaxəli siyasət nəticəsində 2025-ci ildə də ölkəmiz siyasi və sosial-iqtisadi sferalarda ciddi uğurlara nail olmuşdur. İl ərzində ölkədə makroiqtisadi sabitlik qorunmuş, iqtisadi artım davam etmiş və Azərbaycanın beynəlxalq kredit reytinqi yaxşılaşmışdır.  

Reklam_3_11

Azərbaycan Respublikası Mərkəzi Bankı 2025-ci ildə də öz fəaliyyətini başlıca mandatı olan qiymət sabitliyinə yönəltmişdir. Hesabat ilində illik inflyasiya hədəf diapazonunda (4±2%) olmuşdur. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdirilmişdir. Nəticədə pul siyasətinin faiz kanalının ötürücülüyü aktivləşməyə başlamışdır.  

2026-cı ildə də Mərkəzi Bankın pul siyasətinin başlıca hədəfi inflyasiyanın hədəf diapazonunda saxlanılması olacaqdır. Bu məqsədlə qərarlar makroiqtisadi proqnozlar əsasında veriləcək, inflyasiyanın tələbyönümlü və təklifyönümlü risk amilləri daim diqqətdə saxlanılacaqdır. Pul siyasətinin inflyasiyaya təsir potensialının artırılması istiqamətində islahatlar davam etdiriləcəkdir.

I. 2025-ci ildə həyata keçirilən pul siyasəti və onun nəticələri

2025-ci ildə də sabit və aşağı inflyasiya pul siyasətinin əsas məqsədi olmuşdur. Pul siyasəti monetar şərait vasitəsilə təsir göstərməklə inflyasiyanın hədəf daxilində qalmasında mühüm rol oynamışdır. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin noyabrında 12 aylıq inflyasiya 5.5% olmuşdur. O cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik 7.1%-lik inflyasiya qeydə alınmış, qeyri-qida məhsulları 2.5% bahalaşmışdır. Ödənişli xidmətlər üzrə illik qiymət artımı isə bu dövrdə 5.7% təşkil etmişdir. Tənzimlənən qiymətlərin, həmçinin kənd təsərrüfatı məhsullarının mövsümi xarakter daşıyan qiymət dəyişimi nəzərə alınmadan hesablanan illik baza inflyasiya noyabrda 4.8% təşkil etmişdir. 

Cari ildə inflyasiyaya bir sıra təklif və tələb amilləri təsir etmişdir. Xarici mənşəli xərc amillərinin inflyasiyanın dinamikasına təsiri əhəmiyyətli olmuşdur. Qiymətləndirmələrə görə 2025-ci ilin noyabr ayında ölkədə illik inflyasiyaya ticarət tərəfdaşlarındakı inflyasiya 2.87 faiz bəndi, nominal effektiv məzənnə isə 0.38 faiz bəndi artırıcı təsir etmişdir. Dövr ərzində daxili təklif (kənd təsərrüfatı istehsalçı qiymətləri və s.) və tələb (ev təsərrüfatlarının istehlakı, dövlət istehlakı və s.) amillərinin də inflyasiyaya təsiri ümumilikdə artırıcı olmuşdur.    

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Valyuta bazarındakı sabitlik ölkədə qiymət sabitliyinin təmin olunmasında həlledici rol oynamışdır. 2025-ci ilin ötən dövründə nağd və nağdsız seqmentlər üzrə ümumilikdə valyuta bazarında təklif tələbi üstələmişdir. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.1 faiz bəndi azalaraq 2025-ci ilin noyabrında 29%-ə enmişdir. Əlverişli xarici sektor göstəriciləri valyuta bazarında tarazlığı dəstəkləmişdir. Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2025-ci ilin 9 ayında 3 mlrd. ABŞ dolları və ya ÜDM-in 5.4%-i səviyyəsində olmuşdur. Bu şəraitdə ölkənin strateji valyuta ehtiyatları 11 ayda 17.7% artaraq 83.6 mlrd. ABŞ dollarına çatmışdır. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına yüksəlmişdir.  

2025-ci ildə pul siyasətinə dair qərarlar makroiqtisadi proqnozlar,  inflyasiyanın risk amillərində baş verən dəyişikliklər, valyuta bazarındakı vəziyyət və xarici ölkələrdə faizlərin azaldılması üzrə gözləntilər nəzərə alınmaqla verilmişdir. Dövr ərzində faiz dəhlizi parametrləri öncədən nəzərdə tutulmuş qrafik üzrə 8 dəfə müzakirə edilmişdir. Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə həsr edilmiş 6 iclasında uçot dərəcəsinin sabit saxlanılması, 2 iclasında isə azaldılması barədə qərar qəbul edilmişdir. Ümumilikdə cari il ərzində pul siyasəti yumşaldılmış, uçot dərəcəsi 7.25%-dən 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi 8.25%-dən 7.75%-ə, dəhlizin aşağı həddi isə 6.25%-dən 5.75%-ə endirilmişdir. Hazırda uçot dərəcəsi son 4 ilin minimum səviyyəsindədir və neytral faiz dərəcəsinə yaxındır.

2025-ci il ərzində pul siyasəti alətləri pul bazarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilmişdir. Bu əməliyyatlar təminatsız pul bazarında faizlərin Mərkəzi Bankın faiz dəhlizinin dəyişiminə adekvat reaksiya verməsini təmin etmişdir. Son aylarda uçot dərəcəsi ilə pul siyasətinin yardımçı əməliyyat hədəfi olan təminatsız pul bazarında 1 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi - AZIR arasında fərq minimuma enmişdir. AZIR indeksinin orta günlük səviyyəsi oktyabrda 6.89%, noyabrda 6.91%, dekabrın ötən dövründə isə 6.84% olub. Ümumilikdə 11 ay ərzində uçot faiz dərəcəsi ilə AZIR indeksi arasındakı standart kənarlaşma 0.29 faiz bəndi (o cümlədən son 3 ayda 0.04 faiz bəndi) olub ki, bu da beynəlxalq təcrübə baxımından məqbul hesab edilir. Hesabat dövründə uçot dərəcəsinin AZIR vasitəsilə digər faizlərə təsir göstərməsi də müşahidə edilmişdir. Belə ki, iyul ayında uçot dərəcəsinin azaldılması qiymətli kağızlar bazarında gəlirliliyin, eləcə də yeni depozit və kredit faizlərinin azalması ilə müşayiət olunmuşdur. 

Hesabat dövründə banklararası bazarın həm təminatsız, həm də təminatlı sektorunda aktivlik yüksək olaraq qalmışdır. 11 ayda Blumberq platformasında banklar arasında milli valyutada 61.8 mlrd. manat məbləğində 3482 əqd bağlanmışdır. Bu dövrdə banklararası repo bazarında 3.0 mlrd. manat həcmində 287 əqd bağlanmışdır. 

Cari ilin aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabı qalığı kommersiya banklarında depozit şəklində yerləşdirmişdir ki, bu da bank sektorunda likvidliyin avtonom amillər hesabına artımına səbəb olmuşdur. Bu şəraitdə AZIR-ı uçot dərəcəsinə yaxın idarə etmək üçün 7 günlük depozit əməliyyatından başlıca açıq bazar əməliyyatı kimi istifadə edilmişdir. 30 noyabr 2025-ci il tarixinə açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin tərkibində 7 günlük depozit portfelinin payı 87% olmuşdur. 

Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi işləri hesabat dövründə də davam etdirilmişdir. Belə ki, qısamüddətli likvidliyi daha effektiv idarə etmək üçün daimi imkan depozit və daimi imkan əks-repo əməliyyatlarının müddəti 1 günlükdən 1 gecəliyə dəyişdirilmiş, not hərraclarında minimum iştirakçı sayına qoyulan tələb aradan qaldırılmış, sterilizasiyayönümlü açıq bazar əməliyyatı olan 7 günlük repo 7 günlük depozitlə əvəz edilmişdir. 

Dövr ərzində Mərkəzi Bank banklararası pul bazarında gedən prosesləri və  qabaqcıl beynəlxalq təcrübəni təhlil etmişdir. Təhlillərin nəticələrini nəzərə alaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində 2025-ci ilin mayında AZIR indeksinin hesablanmasının daha təkmil qaydaları təsdiq edilmişdir. Bu qayda AZIR-ın istinad dərəcəsi kimi maliyyə bazarı iştirakçıları tərəfindən davamlı istifadəsinə xidmət edir. 

Cari ildə AYİB tərəfindən milli valyutada AZIR indeksinə bağlı üzən faizli istiqrazların yerləşməsinə başlanılmışdır. Bu çərçivədə 50 mln. manat həcmində ilk tranş açıq təklif üsulu ilə uğurla yerləşdirilib. Bu, Azərbaycanın maliyyə bazarı üçün böyük nailiyyət olmaqla yanaşı, həm də AZIR indeksinin etibarlı istinad faizi kimi istifadəsinin göstəricisidir.  

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Pul siyasətinin ötürücülüyünün gücləndirilməsi, xüsusilə də pul bazarlarının inkişafı istiqamətində islahatlar 2025-ci ildə ölkənin beynəlxalq kredit reytinqinin yüksəlməsinə də töhfə vermişdir. 

Ötən illərdə olduğu kimi, cari ildə də Mərkəzi Bankda təhlil və proqnozlaşdırma işinin təkmilləşdirilməsi davam etdirilmişdir. Beynəlxalq təcrübə əsasında model çantası zənginləşdirilmiş, mövcud modellər təkmilləşdirilmiş, modellərin proqnoz keyfiyyətinin artırılması istiqamətində metodoloji işlər aparılmışdır. Tədqiqat işlərinin əhatə dairəsi genişləndirilmiş, pul siyasətinin ötürücülüyü üzrə müxtəlif kanallar, o cümlədən faiz kanalı ilə bağlı qiymətləndirmələr dərinləşdirilmişdir. 

Pul siyasətinin effektiv kommunikasiyası hesabat dövründə də diqqətdə saxlanılmışdır. Pul siyasəti qərarlarına dair press-relizlər müvafiq analitik şərhlərlə dərc edilmiş, öncədən açıqlanmış tarixlər üzrə mətbuat konfransları keçirilmişdir. Canlı yayımlanan mətbuat konfranslarında əsas makroiqtisadi göstəricilərin proqnozları və faktiki inflyasiyanın amillər üzrə bölgüsü açıqlanmışdır. Qərarlar barədə Mərkəzi Bankın rəsmi internet səhifəsi ilə yanaşı, sosial şəbəkələrdə infoqrafika formasında paylaşımlar da edilmişdir. 2025-ci ildə Pul siyasəti icmalı rüblük əsasda dərc olunmuş, gəlirlilik əyrisinin həftəlik əsasda qiymətləndirilməsi və yayımlanması təmin edilmişdir. Sahələrarası maliyyə axınlarının təhlilinə dair rüblük hesabatlar, interaktiv statistik bölmə, yerinə yetirilmiş tədqiqat işləri, proqnoz modellər barədə sənəd rəsmi saytda yerləşdirilmişdir. Maliyyə sektorunun nümayəndələri, eləcə də müstəqil iqtisadçı ekspertlərlə görüşlərdə pul siyasəti qərarları ilə bağlı müzakirələr aparılmışdır. Media nümayəndələri və əhalinin müxtəlif hədəf qrupları üçün maarifləndirici tədbirlər davam etdirilmişdir. Bu təşəbbüslər pul siyasətinin mahiyyəti və alətlərinin işləmə mexanizmi barədə ictimaiyyətin məlumatlılığının artırılmasına və Mərkəzi Bankın kommunikasiya effektivliyinin gücləndirilməsinə mühüm töhfə vermişdir.

2025-ci ildə fiskal və pul siyasətləri arasında koordinasiya makroiqtisadi sabitliyin qorunmasına əhəmiyyətli töhfə vermişdir. Məsuliyyətli fiskal siyasət qiymət sabitliyinin təmin olunmasında mühüm rol oynamış, hər iki siyasət istiqamətinin məqsədləri bir-birini tamamlamışdır. Fiskal qaydalara sadiqlik və fiskal siyasət parametrlərinin əvvəlcədən elan edilməsi Mərkəzi Bankın pul siyasəti qərarlarının vaxtında və adekvat qəbul edilməsinə şərait yaratmışdır.

II. 2026-cı ildə pul siyasəti

2.1. 2026-cı ildə pul siyasətinin məqsədi və çərçivəsi

2026-cı ildə Mərkəzi Bankın pul siyasəti “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən edilmiş makroiqtisadi sabitlik və dayanıqlılıq prioritetlərinin reallaşmasına yönəldiləcəkdir. Əsas məqsəd inflyasiyanın hədəf daxilində saxlanılması olacaqdır. Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi istiqamətində də islahatlar davam etdiriləcəkdir. 

 Pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2% səviyyəsində saxlamaqdan ibarət olacaqdır. Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də hədəf göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən hesablanan istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaqdır. 

İnflyasiyanın hədəf daxilində idarə edilməsi davamlı iqtisadi artımın vacib şərtlərindən biridir. Bu ev təsərrüfatlarının, həmçinin şirkətlərin gəlir və əmanətlərinin qorunması üçün vacibdir. Sabit və aşağı inflyasiya milli valyutaya inamı və onun alıcılıq qabiliyyətini artırır, bununla da iqtisadiyyatda xarici valyuta ilə ifadə olunmuş aktiv və öhdəliklərin payını azaltmağa kömək edir. Bütün bunlar iqtisadiyyatın xarici mühitdəki dəyişikliklərə davamlılığını artırır.

Mərkəzi Bankın son (oktyabr 2025) proqnozlarına görə, 2026-cı ildə illik inflyasiyanın 5.7% olacağı gözlənilir ki, bu da hədəf diapazonu daxilindədir. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və beynəlxalq reytinq agentliklərinin proqnozları da inflyasiyanın növbəti ildə əsasən bu diapazonda qalacağını göstərir. 

 Mərkəzi Bank 2026-cı ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını hər rüb yeniləyəcəkdir. Eyni zamanda əhali və müəssisələr arasında keçirilən sorğular əsasında ev təsərrüfatlarının və biznes subyektlərinin inflyasiya gözləntilərinin qiymətləndirilməsi davam etdiriləcəkdir. 

Mərkəzi Bank növbəti ildə də pul siyasətinə dair qərarlar verərkən ölkə iqtisadiyyatına və inflyasiyaya təsir göstərə biləcək daxili və xarici amilləri, habelə riskləri hərtərəfli qiymətləndirəcəkdir. Ümumilikdə, son illərdə inflyasiyanın risk balansında xarici amillərin payı əhəmiyyətli artmışdır. Ortamüddətli dövrdə bu amillərin payının yüksək olaraq qalacağı gözlənilir.  Geosiyasi gərginliklər və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri hələ də yüksək səviyyədə saxlayır. Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu risk ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin  dinamikasından asılı olacaqdır. Daxili risk faktorları isə əsasən təklif – xərc amilləri hesabına formalaşmaqdadır. Ortamüddətli dövr üzrə konservativ makrofiskal çərçivə və kredit qoyuluşları üzrə gözlənilən artım templəri məcmu tələbin izafi artımı riskini azaldır. 

İş elanları AzVak.az-da

Mərkəzi Bank daxili və xarici qeyri-müəyyənlikləri nəzərə alaraq makroiqtisadi proqnozları baza ssenari ilə yanaşı, alternativ ssenarilər üzrə hazırlanması təcrübəsini davam etdirəcəkdir. Bu da inflyasiya risklərinin reallaşdığı təqdirdə çevik siyasət reaksiyasını təmin edəcəkdir. 

Növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcəkdir. Məzənnə sabitliyi qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcəkdir. Proqnozlara görə növbəti ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcəkdir. Baza ssenari üzrə proqnozlara görə, 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti 3 mlrd. ABŞ dolları səviyyəsində olmaqla ÜDM-in 3.7%-i səviyyəsində gözlənilir. Mərkəzi Bank növbəti ildə də özünün valyuta ehtiyatlarının kifayətlilik meyarlarına uyğun saxlanılmasını və onun idarə edilməsinin təkmilləşdirilməsini diqqətdə saxlayacaqdır.  

Pul siyasəti alətlərinin tətbiqi zamanı maliyyə bazarlarında baş verən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınacaqdır. Alətlərin istifadəsi pul siyasətindən kənar amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına xidmət edəcəkdir. 

Mərkəzi Bankda təhlil və proqnozlaşdırma potensialının artırılması 2026-cı ildə də diqqətdə saxlanılacaqdır. Proqnozlaşdırma və siyasət təhlili sistemi çərçivəsində model aparatı qabaqcıl beynəlxalq təcrübələr əsasında mütəmadi təkmilləşdiriləcək, tədqiqatların əhatə dairəsi və analitik dərinliyi artırılacaqdır. Pul siyasəti qərarlarının qəbulunda nəzəri əsaslara söykənən və ekonometrik baxımdan adekvat model nəticələrindən istifadə artırılacaqdır.  Böyük verilənlərin daha səmərəli təhlili, maşın öyrənməsi yanaşmalarının tətbiqinin genişləndirilməsi Mərkəzi Bankın prioritet istiqamətlərindən biri olacaqdır. 

İqtisadi subyektlərin gözləntilərinə və davranışlarına təsir etmək üçün pul siyasətinin effektiv kommunikasiyası növbəti ildə də diqqət mərkəzində olacaqdır. Kommunikasiya fəaliyyətləri makroiqtisadi sabitliyin gücləndirilməsinə, hesabatlılığın artırılmasına, pul siyasətinin ictimaiyyət tərəfindən daha yaxşı anlaşılmasına, Mərkəzi Banka inamın möhkəmləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edəcəkdir. Kommunikasiyada başlıca hədəf qrupları maliyyə bazarı iştirakçıları, media, akademik dairələr, iqtisadçı ekspertlər, sahibkarlar, hökumət və geniş ictimaiyyət olacaqdır. 2026-cı ildə öncədən ictimaiyyətə açıqlanmış qrafikə uyğun olaraq Mərkəzi Bankın siyasət qərarlarına dair press-relizləri dərc ediləcək və müntəzəm mətbuat konfransları keçiriləcəkdir. Rüblük əsasda analitik icmalların açıqlanması davam etdiriləcəkdir. İctimaiyyətin məlumatlılığının və maliyyə savadlılığının artırılması istiqamətində sosial media platformalarında pul siyasətinin işləmə mexanizmini və tətbiq olunan alətləri izah edən qısa açıqlamalar paylaşılacaqdır. 

Mərkəzi Bank makroiqtisadi proqnozlarını və faiz dərəcələri üzrə qərarlarını formalaşdırarkən planlaşdırılan fiskal siyasət parametrlərini nəzərə alacaqdır. İqtisadi Şura qarşıdakı ildə də təşkilatlararası makroiqtisadi koordinasiyanın təmin edilməsində əsas və vacib rol oynayacaqdır. 

Pul siyasətinin Mərkəzi Bankın digər fəaliyyət istiqamətləri, xüsusən makroprudensial siyasətlə uzlaşdırılması davam etdiriləcəkdir. Bu uzlaşdırma qurumun daxili kollegial orqanları, o cümlədən Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi vasitəsilə həyata keçiriləcəkdir. Ölkədə maliyyə dərinliyinin artırılması, maliyyə sabitliyinin qorunması, nağdsız ödənişlərin genişləndirilməsi növbəti ildə də pul siyasətinin effektivliyinə və maliyyə sisteminin dayanıqlılığına müsbət təsir edən amillər olacaqdır.

İqlim dəyişikliklərinin makroiqtisadi təsirləri və "yaşıl maliyyə təşəbbüsləri"nin dəstəklənməsi məsələləri diqqətdə saxlanılacaqdır. İqlim dəyişikliklərinin inflyasiya dinamikasına, iqtisadi artıma və maliyyə sektoruna birbaşa və dolayı təsirləri üzrə qiymətləndirmələr davam etdiriləcəkdir.

Mərkəzi Bankın rəqəmsal valyutasının tətbiqi üzrə siyasət məqsədlərinin müəyyən edilməsi və müvafiq yol xəritəsinin hazırlanması üzərində işlər davam etdiriləcəkdir. Bu işlərə prioritet istifadə istiqamətlərinin müəyyənləşdirilməsi, potensial risk və faydaların qiymətləndirilməsi, eləcə də maliyyə sektoru üzrə daha geniş strategiyaya uyğunlaşdırılmış mərhələli tətbiq planının hazırlanması daxildir. 

2.2. 2026-cı ildə pul siyasətinin əməliyyat hədəfləri və alətləri

2026-cı ildə Mərkəzi Bank pul siyasətinin hədəflərinə nail olmaq üçün sərəncamında olan bütün alətlərdən çevik və adekvat istifadə edəcəkdir. Pul siyasəti qərarlarının real iqtisadiyyata ötürücülüyünün artırılması məqsədilə köməkçi pul siyasəti lövbərinin (AZIR) təsirlərinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir. 

2026-cı ildə də qiymət sabitliyinin başlıca lövbəri olan manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən ediləcəkdir. Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə hərracların keçirilməsi davam etdiriləcəkdir. Mərkəzi Bank və fiskal orqanlar (ARDNF və Maliyyə Nazirliyi) arasında effektiv koordinasiya valyuta bazarının tarazlı fəaliyyətinə dəstək verəcəkdir.

2026-cı ildə də monetar şəraitin formalaşmasında faiz dəhlizi mühüm rol oynamaqda davam edəcək və pul bazarında qısamüddətli faizlər pul siyasətinin yardımçı əməliyyat hədəfi olaraq istifadə ediləcəkdir. Banklararası pul bazarındakı faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət etməsi üçün Mərkəzi Bank arsenalındakı bütün alətlərdən adekvat və çevik şəkildə istifadə edəcəkdir. Təminatsız bazarda əqdlər üzrə orta çəkili faiz göstəricisi olan AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək və onun Mərkəzi Bankın uçot dərəcəsinə yaxın səviyyədə hərəkətinə xüsusi diqqət yetiriləcəkdir. Bu məqsədlə daimi imkan alətləri və açıq bazar əməliyyatları fəal şəkildə tətbiq ediləcəkdir.

Daimi imkan alətləri növbəti ildə də banklararası pul bazarında faizlərin faiz dəhlizi daxilində formalaşmasını təmin edəcəkdir. Daimi imkan aləti olaraq gecəlik depozit və gecəlik əks-repo əməliyyatlarından istifadə ediləcəkdir. Bu alətlər üzrə faiz dərəcələri müvafiq olaraq faiz dəhlizinin aşağı və yuxarı hədlərinə bərabər olacaqdır. 

Açıq bazar əməliyyatları olaraq sterilizasiya məqsədli müxtəlif müddətli not, habelə 7 günlük əməliyyatlar üzrə hərraclar keçiriləcəkdir. Bu alətlər üzrə faiz dərəcələri Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi qaydada formalaşacaqdır. Əvvəlki illərdə olduğu kimi növbəti ildə də alətlərin tətbiq olunma qaydaları maliyyə bazarı iştirakçılarına öncədən açıqlanacaqdır. Açıq bazar əməliyyatlarının istiqaməti (sterilizasiya və ya emissiya) bank sisteminin likvidlik mövqeyindən asılı olaraq müəyyənləşdiriləcəkdir. Açıq bazar əməliyyatlarının kəmiyyət parametrlərinə və müddətlərinə dair qərarlar bank sisteminin likvidlik mövqeyindən (izafi likvidlik və likvidlik çatışmamazlığı) asılı olaraq operativ şəkildə veriləcəkdir. Bu qərarlar əməliyyatlar keçirilməzdən öncə müvafiq bazar iştirakçılarına kommunikasiya ediləcəkdir. 

Növbəti ildə də bank sisteminin likvidlik mövqeyinin müntəzəm monitorinqi və proqnozlaşdırılması davam etdiriləcəkdir. Likvidliyin monitorinqi və proqnozlaşdırılması sahəsində fiskal orqanlarla informasiya mübadiləsinin daha da gücləndirilməsi nəzərdə tutulur. 

Pul siyasəti alətlərinin təkmilləşdirilməsi və pul bazarının inkişafı istiqamətində tədbirlər 2026-cı ildə də davam etdiriləcəkdir. Bu zaman beynəlxalq maliyyə təşkilatları və bank ictimaiyyəti ilə məsləhətləşmələr davam etdiriləcəkdir. Qeyd olunan istiqamətdə islahatlar ölkədə maliyyə alətlərinin diversifikasiyasını, bazar likvidliyinin artmasını və ölkə iqtisadiyyatının dayanıqlı maliyyələşməsini daha da gücləndirəcəkdir.

Pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafiki

2026-cı ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcəkdir:

4 fevral

2 aprel

6 may

24 iyun

5 avqust

23 sentyabr

4 noyabr

23 dekabr

2026-cı ilin 4 fevral, 6 may, 5 avqust və 4 noyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcəkdir. Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcəkdir.

İş elanları AzVak.az-da

Azərbaycan Respublikası Mərkəzi Bankı Mərkəzi Bankın pul siyasəti 2026-cı il pul siyasəti pul siyasətinin əsas istiqamətləri inflyasiya hədəfi 4±2 faiz qiymət sabitliyi makroiqtisadi sabitlik monetar siyasət uçot dərəcəsi faiz dəhlizi AZIR indeksi pul siyasətinin ötürücülüyü faiz kanalı valyuta bazarında sabitlik manatın məzənnə sabitliyi strateji valyuta ehtiyatları tədiyə balansı cari əməliyyatlar hesabı profisiti inflyasiya proqnozları 2026 Mərkəzi Bankın faiz qərarları açıq bazar əməliyyatları sterilizasiya əməliyyatları bank sisteminin likvidliyi banklararası pul bazarı repo və əks-repo əməliyyatları gecəlik depozit əməliyyatları pul siyasətinin əməliyyat çərçivəsi fiskal və monetar siyasət koordinasiyası maliyyə sabitliyi kredit bazarı depozit və kredit faizləri milli valyutaya etimad dollarlaşmanın azalması beynəlxalq kredit reytinqi iqtisadi artım makroiqtisadi proqnozlaşdırma pul siyasəti kommunikasiyası mətbuat konfransları
25.12.2025 06:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18