Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda bitkoin alıcıları üçün yeni investisiya aləti - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda bitkoin alıcıları üçün yeni investisiya aləti - MÜSAHİBƏ

Müsahibimiz "ABB-İnvest" şirkətinin Pərakəndə müştərilərlə iş departamentinin direktoru Elçin Məmmədovdur. Marja.az müsahibəni təqdim edir.

- Elçin müəllim, bu yaxınlarda ABŞ-da kapital bazarına nəzarət orqanı bir sıra bitkoin əsaslı “ETF”-lərin ticarətə buraxılmasına icazə verdi və qısa müddətdə ABB-İnvest bu məhsulları müştərilərinə ABB mobile tətbiqi vasitəsilə təqdim etdi. Bununla bağlı bəzi suallarımız var...

- Bəli, 2024-cü ilin 10 yanvarında ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyası (Securities and Exchange Comission - SEC), nəhayət ki, bilavasitə bitkoinə investisiya edən 11 ETF-nin (Exchange Traded Fund – ETF) ticarətə buraxılmasına icazə verdi. Bu, zənnimcə, kriptovalyutalar bazarı üçün əhəmiyyətli hadisə oldu. Biz artıq tədavülünə icazə verilmiş bitkoin əsaslı bütün ETF-ləri ABB mobile tətbiqinin “İnvestisiya” bölməsi vasitəsilə müştərilərimizə əlçatan etmişik. Müştərilərimiz qeyd olunan ETF-lərin ticarət simvollarını mobil tətbiq üzərindən sistemə daxil edərək, rahatlıqla bu yeni investisiya alətlərinin alışını və satışını həyata keçirə bilərlər. 

- Bu məhsulun əsas özəlliyi, digərlərindən fərqi nədir?

- Ticarətinə icazə verilmiş 11 yeni ETF müvafiq lisenziya əsasında aktivlərin idarə olunması ilə məşğul olan peşəkar investisiya şirkətləri tərəfindən bazara buraxılıb. Bu şirkətlərin bəziləri maliyyə aləmində yaxşı tanınan BlackRock, ARK Investment Management, Invesco kimi, digərləri isə daha az tanınmış investisiya şirkətləridir. Bu şirkətlər, məsələn, bitkoinin özünə bilavasitə investisiya edən investisiya fondları, başqa sözlə, ETF-ləri yaradaraq, onları dövlət qeydiyyatına almağa müvəffəq olublar. İnvestorlar bu şirkətlərin yaratdığı investisiya fondlarının payını almaqla, müvafiq fondun aktivindəki bitkoinlərə mülkiyyət hüququ qazanmış olurlar. Bu hüquq ABŞ qanunvericiliyinə əsaslanır və sözsüz ki, ABŞ hökuməti tərəfindən qorunur. Bildiyiniz kimi, ABŞ və digər inkişaf etmiş kapital bazarlarında ETF-lər son illərdə institusional və pərakəndə investorlar arasında çox məşhur bir investisiya alətinə çevrilib. Nəticə etibarilə, müxtəlif investisiya strategiyalarına əsaslanan ETF-lərin sayı artmaqda davam edir. Bir neçə il bundan əvvəl biz bitkoin fyuçers müqavilələrinə investisiya edən ETF-lərin bazara buraxılmasının şahidi olduq. Bu gün artıq bilavasitə bitkoinin özünə investisiya edən ETF-lərin də bazara çıxdığını müşahidə edirik. 

- Azərbaycanda bitkoin və digər kriptovalyutalara maraq göstərən, onları müxtəlif məqsədlər üçün əldə edən şəxslərin sayı az deyil. Bu yeni məhsul həmin şəxslərə nə vəd verir?

- Əvvəlcə onu qeyd edim ki, Azərbaycanda kriptovalyutalara, o cümlədən bitkoinə investisiya edən şəxslər iki qrupa bölünür. Birinci qrup bilavasitə kriptovalyutanın təməlini təşkil edən sistemdə (“blockchain”) elektron cüzdan (“wallet”) və ya onların ticarətini təşkil edən kriprovalyuta birjalarında hesab açaraq kriptovalyutalarla əməliyyatlar edir. İkinci qrup isə, baza aktivi kriptovalyuta olan fərq müqavilələrinə (CFD) investisiya edir. “Blockchain”-də elektron cüzdan açaraq, kriptovalyuta ilə bilavasitə bu elektron cüzdan üzərindən əməliyyat edən şəxslərdən başqa, digər üsullarla kriptovalyutalara investisiya edən şəxslər müəyyən risklər daşıyır. Hamımız çox yaxşı xatırlayırıq ki, son illərdə bəzi kriptovalyuta birjalarının müflis olması nəticəsində, onları idarə edən şəxslərin dələduzluğu və digər səbəblərdən minlərlə investor öz kriptovalyutalarını itirməli oldu. Kriptovalyuta əsaslı CFD-lərə investisiya edən şəxslər də, CFD üzrə likvidlik təminatçısının kredit riskini qəbul etmək məcburiyyətindədirlər. Yeni, bitkoin əsaslı ETF-lər isə bitkoin investorlarına bir sıra üstünlüklər yaradır. Elə bu səbəbdən onların ABŞ kapital bazarına nəzarət orqanı (SEC) tərəfindən ticarətə buraxılması böyük maraqla qarşılanıb.  

- Bitkoin əsaslı ETF-lərin üstünlükləri barədə daha ətraflı məlumat verə bilərsinizmi?

- Birinci və ən vacib üstünlük odur ki, bu ETF-lər, daha öncə qeyd etdiyim kimi, bilavasitə bitkoinin özünə investisiya edir və ETF-i almış şəxs ETF-i buraxan investisiya fondunun balansında olan bitkoinlərə fonddakı payına mütənasib olaraq mülkiyyyət hüququ əldə etmiş olur. Təkrarən bildirirəm ki, bu hüquq ABŞ hökuməti tərəfindən tanınır və qorunur. İkinci vacib məqam ondan ibarətdir ki, bu investisiya fondlarını idarə edən investisiya şirkətləri ABŞ-da kapital bazarına dövlət nəzarətinin subyektləridir. Nəticə etibarilə, onların fəaliyyətinin şəffaflığına, dürüstlüyünə və qanunauyğunluğuna ABŞ hökuməti nəzarət edir. Üçüncü üstünlük isə, bu alətlərin ABŞ-da tənzimlənən bazarlarda, başqa sözlə, dövlət qeydiyyatından keçmiş, nəzarət subyekti olan və bir çoxlarının yaxşı tanıdığı fond birjalarında (NYSE, CBOE və NASDAQ) ticarət olunmasıdır. Dövlət nəzarətindən kənardakı kriptovalyuta birjalarından və likvidlik təminatçılarının nəzarətində olan birjadankənar CFD alətləri bazarından fərqli olaraq, qeyd edilən fond birjalarında yeni bitkoin əsaslı ETF-lərlə ticarət, səhm və digər ənənəvi investisiya alətləri ilə ticarətdə olduğu kimi, investor hüquqlarının qorunması məqsədilə müəyyən qaydalar əsasında həyata keçirilir. Bu bazarlarda qiymət şəffaflığı və dərin likvidlik təmin edilir. 

- Siz yeni, bitkoin əsaslı ETF-lərin üstünlüklərindən danışdınız. Bəs onlara xas olan və investorların da bilməli olduqları hər hansı mənfi xüsusiyyətlər varmı? 

- Bəli, var. Yeni məhsulun mənfi tərəflərinə mən mövcud durumda xidmət haqlarını aid edərdim. Lakin burada onu da qeyd etməliyəm ki, bitkoin əsaslı CFD-lər alan və bəzi kriptovalyuta birjalarında hesab açan investorlar da xidmət haqqı və ya digər formada xidmət haqqı ödəmək məcburiyyətindədirlər. Bitkoin əsaslı ETF-lərə gəldikdə, biz burada iki növ xidmət haqqını qeyd edə bilərik. Birinci xidmət haqqı ETF-i əldə etmək üçün vasitəçi şirkətə (broker) ödənilən komissiyadır. Digər növ xidməthaqqı isə, bitkoin əsaslı ETF-i yaradan və idarə edən şirkətin idarəetmə komissiyasıdır. Mətbuatda və ETF-lərin emissiya prospektlərində bu barədə ətraflı məlumat var. Yeri gəlmişkən, onu da deyim ki, bitkoin əsaslı ETF-ləri buraxan bəzi şirkətlər ilk aylarda idarəetmə komissiyasının olmayacağını bildirmişdilər. 

- Kriptovalyutalara investisiya strategiyasını ümumilikdə necə qiymətləndirirsiniz?

- Səhmlər, istiqrazlar və digər ənənəvi investisiya alətlərindən fərqli olaraq, kriptovalyutaların qiymət dinamikasını orta və uzunmüddətli perspektivdə proqnozlaşdırmaq çox çətindir. Bu baxımdan kriptovalyutalara investisiya strategiyalarının əsasında bir çox hallarda möhtəkirlik durur. Kriptovalyutalar, o cümlədən bitkoin özü-özlüyündə əlavə dəyər yaratmır. Mal və xidmətlərin mübadiləsində ənənəvi ödəniş vasitəsini, yəni pulu əvəz etmək məqsədi daşıyır. Lakin, kriptovalyutaların yüksək qiymət dəyişkənliyi (volatilliyi) onlara mövcud durumda ənənəvi valyutaları əvəz etməyə imkan vermir. Fürsətdən istifadə edərək, Azərbaycan investorlarına kriptovalyutaların risklərini tam nəzərə almadan və qəbul etmədən investisiya etməməyi, investisiya edərkən isə son dərəcə ehtiyatlı olmağı tövsiyə edirəm. 

- Elçin müəllim, müsahibəyə görə təşəkkür edirik.

ABB-İnvest Elçin Məmmədovdur bitkoin etf investisiya fondları ABB mobile CFD
17.01.2024 20:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ