Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yağ bazarının ağı çıxan oyunları

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yağ bazarının ağı çıxan oyunları
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün bazar-dükandan alıcının cibinə uyğun gəlməyən, kifayət qədər baha qiymətə satılan kərə yağının saxta, keyfiyyətsiz olması nə ilə bağlıdır? Bəs belə halda istehlakçının güvənəcəyi, alıb istifadə edəcəyi yağların istehsalını çətinləşdirən, mümkünsüz edən hansı amillərdir? Müvafiq nəzarət qurumlarının problemlə bağlı narazılıqları, şikayətləri qulaqardına vurmaqda, saxta kərə yağı istehsalçılarına qarşı mübarizədən yayınmaqda məqsədləri nədir? Apardığımız araşdırmalarda istehlakçılarda ciddi narahatlıq yaradan bu suallara cavab tapmağa çalışdıq. 

Əvvəlcə ölkənin yağ bazarında möv­cud vəziyyətlə tanış olmaq məqsədilə paytaxtın ayrı-ayrı ticarət şəbəkələrinə baş çəkdik. Şükür, hər yerdə bolluqdur, dükan-bazarlarda alıcılara istənilən qiy­mətə, istənilən çeşiddə yağlar təklif olu­nur. Malını tərifləyən kim, onun hansı əziyyətlə başa gəldiyini söyləyən kim?! Səhərdən “filan qədər satıb, axırıdır” deyə, malın qiymətini ucuzlaşdırdığını söyləyənlər, çox alınacağı təqdirdə, bir qədər də ucuz qiymətə sata biləcəklə­rini israrla bildirirlər. Bu cür mənzərəyə paytaxtın 8-ci Kilometr, Keşlə, Suraxanı və digər bazarlarında daha çox rast gəl­mək mümkündür. Əslində, buna heç bir sözümüz yoxdur. Çünki piştaxta arxasın­da dayanan hər bir satıcı malını istədiyi qiymətə təklif edə bilər, hətta keyfiyyəti aşağı olsa, belə. 

Reklam_3_11

Amma bazarlarda “təmiz kərə yağı”, “təmiz nehrə yağı” və digər adlar altın­da satılan məhsulların fərqli qiymətləri istər-istəməz müəyyən şübhələrə yol açır. Məsələn, 8-ci Kilometr bazar komp­leksində müştərilərə qiyməti 8 manatdan başlayaraq 20 manatadək olan yağlar təklif edilir. Bu zaman müştərini malın təmiz kərə yağı olduğuna inandırmağa cəhd göstərilir. Alıcının tərəddüdündən sonra isə məhsulun çiyə yağı olması eti­raf edilir. Bununla belə, malın üzərində “təmiz nehrə yağı” qeydi isə istehlakçını aldatmaq cəhdindən başqa bir şey de­yil. Üstəlik, bazarlarda yağ, süd və digər ağartı məhsullarının antisanitariya şəra­itində satılması da olduqca narahatedici məqamdır. Antisanitariyadan söhbət düş­müşkən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (QATA) bugünlərdə yaydığı açıqlamada Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 50 ünvanında yerləşən, hüquqi şəxs “Nəzrin-E” MMC-yə məxsus bazarda qurumun əməkdaş­ları tərəfindən aparılmış planlı yoxlama barədə məlumat verilir. Bildirilir ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində nor­mativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Həmçinin qida təhlükə­sizliyi qeydiyyatından keçmədən fəaliy­yət göstərdiyi aşkar olunan (?) bazarın süd məhsulları satışı sahələrində müva­fiq təmizlik işlərinin görülmədiyi, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və təlimlərə cəlb edilmədiyi, temperatur rejiminə əməl olunmadığı, məhsulların çirklənmədən və xarabolmadan mühafizə ediləcək şə­raitdə saxlanılmadığı və üzərində etiket məlumatlarının göstərilmədiyi aşkarla­nıb. 

Məlumatda o da bildirilir ki, faktla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək bazarda süd və süd məhsullarının satışı dayandırı­lıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. Bununla belə, apardığımız müşa­hidələr zamanı 8-ci Kilometr bazarının süd və süd məhsullarının satıldığı digər sahələrdə də analoji vəziyyətlə rastlaş­dıq. Güman edirik ki, Qida Təhlükəsizliyi Agentliyi bu sahədə daha təsirli tədbirlər həyata keçirəcək.

Qida sektoru üzrə mütəxəssislər bil­dirirlər ki, bir kiloqram kərə yağı tərkibin­dən asılı olaraq 20-25 litr süddən əldə edilir. Buna görə də kərə yağının hazır­lanmasında südün istehsal göstəricisi ilə bərabər, onun yağlılıq faizinin də yüksək olması əsas şərtdir. Təəssüf ki, ölkəmiz­də bu məsələ ilə bağlı müəyyən problem­lər yaşanır. Başqa sözlə, ölkədə heyvan sayına düşən məhsuldarlıq göstəriciləri aşağıdır. Belə ki, dünyada bir heyvandan ildə 10 ton süd əldə olunur. Azərbaycan­da isə bu rəqəm 1,5 ton təşkil edir. Yeri gəlmişkən, ölkəmizdə bu məqsədlə kompleks tədbirlərin həyata keçirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Bunun üçün, ilk növbədə, heyvandarlıq­da cins tərkibi dəyişdirilməli, süni ma­yalanma genişləndirilməli, heyvanların yemləndirmə mədəniyyəti yenilənməli, yem bazası yüksək olmalıdır. 

Mövcud şəraitdə isə ölkəmiz kərə ya­ğının kənardan alınmasına üstünlük ve­rir. Amma iş burasındadır ki, idxal olunan bu məhsulun da müəyyən hissəsi keyfiy­yətsizdir. Ölkədə hazırlanan kərə yağı ilə bağlı mütəxəssis rəylərini də nəzərə al­saq, onda bu sahədəki vəziyyət haqqın­da aydın təsəvvür yaranar. 

Qeyd edək ki, istehlakçılar bir çox hallarda bazarlarda, magistral yolların kənarlarında ucuz yağlara daha çox me­yil göstərirlər. Mütəxəssislər isə yararsız kimi dəyərləndirdikləri həmin yağların işbazlar tərəfindən heyvan içliklərindən alınaraq qatıqla qaynadılıb “kərə yağı”na çevrildiyini bildirir və insan orqanizminin, xüsusən də ürək, qan-damar sistemini zədələdiyini deyirlər. Onlar bu cür saxta məhsulların trans yağlardan fərqlənmədi­yini qeyd etməklə bərabər, belə içliklərin, çox güman ki, kustar üsulla əldə edildiyini söyləyirlər. 

Qida ekspertlərinin fikrincə, bəzən marqarin yağlarının da kərə yağı adı ilə satılması hallarına rast gəlinir. Hər iki yağ arasında əsas fərq birincinin, yəni kərə yağının heyvan südündən hazırlanma­sı, marqarinin isə bitki tərkibli olması­dır. Marqarində, eyni zamanda, başqa emilqatorlar, su, duz və s. istifadə olunur. Kərə yağı isə tamamilə heyvan südün­dən hazırlanır, 80-82 faizi sırf yağdır, qa­lanı isə su və süddə olan proteinlərdir. Bu yağ insan üçün faydalıdır, çünki onun tər­kibində doymamış yağlar daha çox olur, marqarində isə əsasən, doymuş yağlar üstünlük təşkil edir. 

Ekspertlərin bu qənaətlərini AQTA-nın istehlakçı hüquqlarının mü­dafiəsi ilə bağlı keçirdiyi tədbirlərin nə­ticələri də təsdiqləyir. Belə ki, qurumdan bildirilib ki, aparılan yoxlamalar zamanı müxtəlif adlar altında istehsal olunan əmtəə nişanlı kərə yağları qida təhlükə­sizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun gəlmir. Yəni müayinə üçün götürülən nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitu­tunun müvafiq laboratoriyalarında 82,5 faiz duzsuz kərə yağı olduğu bəyan edil­məsinə baxmayaraq, bitki mənşəli yağ olduğu aşkarlanır. 

Yeri gəlmişkən, qida məhsulları üzrə mütəxəssislər deyirlər ki, yağın qatqılı və ya qatqısız olub-olmamasını ən sadə üsullarla da təyin etmək mümkündür. Məsələn, bir qab ilıq və ya isti suya bir yemək qaşığı yağ əlavə olunaraq yaxşı­ca qarışdırılır. Bu zaman yağ hissəcikləri mayenin üzərində nazik bir təbəqə əmələ gətirirsə və su ayrana oxşar şəkil alırsa, bu, məhsulun təmiz və qatqısız olduğunu göstərir. Əgər, yağ suyun üzərində yumru hissəciklər şəklində qalaraq mayeyə qa­rışmırsa, demək, qatqılıdır. Eyni zaman­da, yağ tavada əridilərkən xırda şar dənə­cikləri ilə qaynayırsa və azca ayranlı (yəni tortası) olursa, demək, qatqısızdır. Yağın tavada tez bir zamanda durulaşaraq qay­naması və kəskin qoxu verməsi isə onun tərkibində qatqıların olmasına dəlalət edir.

Bir məqamı da qeyd edək ki, son il­lər ölkədə yağ istehsalında qatqılardan daha çox istifadə olunur. Bu zaman xa­ricdən idxal edilən palma yağına üstün­lük verilir. Belə yağın isə insan orqanizmi üçün təhlükəli olması bəllidir. Elə Avropa Ərzaq Standartları Agentliyinin məluma­tında da 200 dərəcədən yüksək tempe­raturda qızdırılan palma yağının təhlükəli olduğu açıqlanır. Belə ki, bu yağın ərimə temperaturu bədən hərarətindən yüksək olduğundan orqanizm tərəfindən mə­nimsənilmir və tullantı şəklində toplanır. Tədqiqatçılar bildirirlər ki, palma yağın­dan istifadə zamanı trans yağlar yaranır ki, bu da xərçəng riskini 50 dəfə artırır. Eyni zamanda, doymuş yağlar qrupuna aid olan palma yağı qanda təzyiqin yük­səlməsinə, infarkt, iflic, şizofreniyaya, qaraciyərin piylənməsinə və daxili orqan­ların xərçənginə səbəb olur.

Yeri gəlmişkən, 2018-ci ildə Avropa Birliyində tərkibində palma yağı olan qi­daların etiketində bu barədə açıq yazıl­ması haqqında qərar qəbul edilib. Bu­nunla yanaşı, bəzi şirkətlər tərəfindən Avropa bazarı üçün istehsal edilən məh­sulun tərkibində palma yağının olmaması ilə bağlı öhdəlik də götürülüb. Ümumdün­ya Səhiyyə Təşkilatı başda olmaqla bir çox sağlamlıq qurumları palma yağının insan orqanizmi üçün yaratdığı risklərə dəfələrlə diqqət çəksələr də, dünya qida sənayesinin nəhəngləri tərəfindən bu ya­ğın işlədilməsinə dair heç bir məhdudiy­yət tətbiq edilməyib. 

Azərbaycan da palma yağından ge­niş istifadə edən ölkələr sırasındadır. Baxmayaraq ki, yerli yağ və şirniyyat məhsulları istehsalçılarının bəziləri pal­ma yağından istifadə etmədiklərini israrla bildirirlər. O zaman belə bir sual ortaya çıxır: Bəs, ölkəyə bu qədər palma yağı nə məqsədlə idxal olunur? Bu arada, Dövlət Statistika Komitəsinin məlumatı­nı diqqətə çatdırmaq yerinə düşər. Qu­rumun məlumatına görə, 2023-cü ilin 9 ayında respublikamıza 42 milyon 840 min dollar məbləğində 36 min 762 ton­dan çox palma yağı və onun fraksiyaları idxal olunub. Bu yağlar isə müxtəlif qida məhsullarının tərkibinə qatılaraq super­marketlərə yol tapır. Ekspertlərin fikrincə, hazırda dükan-bazarların piştaxtalarını bəzəyən müxtəlif məhsulların, ən azı, 70 faizinin tərkibində bu yağlar var. Uşaqla­rın sevimlisi olan çipsi, suxarı və şoko­ladların istehsalında palma yağlarından geniş istifadə olunur. Eyni zamanda, tə­mizləyici və yuyucu vasitələrin tərkibi də bu cür yağlarla zəngindir.

Qeyd edilənlərə əsaslanıb deyə bilə­rik ki, insan sağlamlığına qənim kəsilən palma yağlarına qarşı mübarizə bu gün bütün dünyanı ciddi düşündürür. Eks­pertlər isə bunun qarşısının alına bil­məməsi səbəbini həmin yağların çox ucuz qiymətə başa gəlməsi ilə əlaqələn­dirir, palmanın ucuz məhsul əldə etmək üçün ən əlverişli xammal olduğunu bil­dirirlər. İstehsalçılar da, təbii ki, bu yolla daha çox qazanmağa çalışırlar. 

Göründüyü kimi, aprdığımız müşa­hidələr, eləcə də ekspertlərin fikirləri ölkənin qida məhsulları bazarının yağ seqmentində vəziyyətin heç də ürəkaçan olmadığını təsdiqləyir. Vəziyyətdən çıxış yolu kimi, ilk növbədə, “təmiz kərə yağı” adı ilə dükan-bazara yol taparaq qida­mıza qaşıq-qaşıq qatılan saxta, zərərli məhsulların qarşısının alınması məqsə­dilə sərhəddə və ölkə daxilində etibarlı qida təhlükəsizliyi sistemi qurulmalıdır. Bununla yanaşı, ölkədə istehlakçılara şübhələndikləri istənilən qida məhsu­lunu müayinə etdirmək imkanı yaradan müstəqil laboratoriyalar təşkil edilməlidir. Belə olarsa, hər bir istehlakçı keyfiyyət­siz məhsul istehsalında günahkar şəx­si, yaxud müəssisəni məhkəməyə verib təzminat ala bilər. Bununla da, qida təh­lükəsizliyinə vətəndaş nəzarətinin təmini gerçəkləşər. 

Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi təkcə ara-sıra yoxlamalar ke­çirib müəyyən saxta məhsul istehsal­çılarının adlarını və müsadirə olunan məhsulların məhv edilməsini əhaliyə çatdırmaqla kifayətlənməməli, insan sağlamlığına qənim kəsilən şəxslərin və yaxud qurumların daha ciddi şəkildə cəzalandırılması barədə düşünməlidir. Qurum, həm də brendləri tanıtdırmaqla yanaşı, saxta yağları istehsal edənləri müəyyənləşdirərək onların markalarını davamlı şəkildə alıcıların diqqətinə çat­dırmalıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov:

Ölkənin əmtəə bazarında heyvan mənşəli yağ, yəni kərə yağı sekto­runda daim problemlər olub. Bunun­la belə, etiraf etmək lazımdır ki, bu sahədə vəziyyət ildən-ilə yaxşılığa doğru dəyişir. Markalanma ilə isteh­lakçıların aldadılmasında da xeyli dəyişiklik var. Azərbaycan Qida Təh­lükəsizliyi Agentliyi fəaliyyətə başla­dığı ilk gündən markalanma məsələ­sinə xüsusi diqqət yetirir. 

Bununla belə, istehlakçı hər bir malın xüsusiyyətlərindən tam məlu­matlı olmur. İstehsalçılar təşkil olun­muş bir qrupdur. Onların arxasında texnologiya, pul, hüquqşünaslar və mütəxəssislər dayanır. İstehlakçı isə bazarın şahı hesab olunsa da, təkdir. Kərə yağı almaq istəyən istehlakçı görür ki, malın üzərində inək şəkli və “Naturalnoe maslo” yazısı var. O daha heç nəyə baxmadan məhsulu alır. Düşünür ki, malın etiketində­ki bu şəkil və yazı onun təmiz kərə yağı olduğuna dəlalət edir. Həm də düşünür ki, əvvəlki illərdə bu şəkil­də etiketlənmiş yağlar yox idi. Bilmir ki, qanuna zidd olmayan bu şəkil və yazı, əslində, onun spred, yəni qarı­şıq yağ alması ilə də nəticələnə bilər. 

Bəzən istehlakçılar çox ucuz qiy­mətə satılan kərə yağı barədə biz­dən məlumat almaq istəyirlər. Qeyd edim ki, ölkəmizdə, ən yaxşı halda, 20 litr süddən 1 kiloqram kərə yağı almaq mümkündür. Bir şərtlə ki, hə­min südün yağlılığı normal olsun. Ona görə də istehlakçı yağın 1 ki­loqramının qiymətini südün qiyməti ilə müqayisə etdikdə paradoksal bir nəticənin şahidi olur. Haqlı olaraq fi­kirləşir ki, necə olur, ara dükanlarda, xüsusən də paytaxtda “İvanovka” adı ilə fəaliyyət göstərən, əslində, İvanovka ilə heç bir əlaqəsi olma­yan 20-dək dükanda “nehrə yağı”, “nənəmin yağı” adı ilə ucuz qiymətə yağlar satılır?! 

Əslində isə, istehlakçı bu adlar altında aldadılır. Əslində ağ rəngdə, yumru formada olan yağların təmiz kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Onlar, əsasən, vaxtı ötmüş bitki yağlarının qarışığından nehrədə ha­zırlanır. Əlbəttə, belə yağların südlə müəyyən bir əlaqəsi var. Hazırda bazarda satılan bu cür məhsulların, guya, nənələrimizin kənddə hazırla­dığı yağ olması ilə bağlı fikir forma­laşdırılır. “Nənə”nin istehsal etdiyi “təmiz nehrə yağı” isə aşağıdakı alqoritmlə başa gəlir: Təmiz südü sərdikdə ondan qaymaq əmələ gəlir. “Nənə” həmin qaymağı yığır. Altdakı süd isə üzsüz süd hesab olunur, tər­kibi 94 faiz sudur. “Nənə” onun içə­risinə ən ucuz, bəlkə də vaxtı ötmüş, atılmalı olan marqarinləri qarışdırıb 84 dərəcəyədək qaynadır. Lakin üzsüz südün tərkibi sudan ibarət olduğu üçün marqarinlə qarışmır. “Nənə” isə bu zaman qətiyyən bikef olmur. Həmin qarışığı “Homalizator” deyilən cihaza tökür. Onu bircinsli mayeyə, südə çevirir. Sərəndən son­ra ondan qaymaq əmələ gəlir. Həmin qaymağı isə nehrədə çalxalayır. Ba­zarda nehrə yağı adı ilə ucuz qiy­mətə satılan yağlar məhz bu şəkildə ərsəyə gətirilir. Bu da ilk baxışdan kərə yağına çox bənzədiyindən onu ayırd etmək çətindir. 

Bununla belə, ölkədə təmiz kərə yağları da mövcuddur. Bunların bir qismi xaricdən gətirilsə də, yerli is­tehsal da az deyil. Yeri gəlmişkən, 6 il əvvəl Yeni Zelandiyaya istehlakçı hüquqlarını qoruyan təşkilatların konqresinə gedən zaman oradakı həmkarlarımın köməyi ilə “West­land Milk Products” zavoduna baş çəkdim. Həmin zavodun istehsalı olan “Westgold” yağları uzun illər­dir ki, Azərbaycana da göndərilir. Mən orada məhsulun istehsalından tutmuş Azərbaycan dilində marka­lanmasınadək bütün prosesi izlə­dim. Bundan əlavə, fermer təsərrü­fatına getdim. Məlum oldu ki, burada heyvanlar qış mövsümündə tövlə şəraitində saxlanılmır, daim açıq havada otlayırlar. Orada heyvanlar mədəni əkilmiş yonca bitkisi ilə de­yil, əsasən, yabanı halda bitmiş tə­bii otlarla qidalanır. Heyvanlara qış qulluğu olmadığı üçün onların südü, yağı çox ucuz başa gəlir. Bir sözlə, müşahidələrimə əsasən bu ölkədə təmiz kərə yağı istehsal edilməsinə tam əmin oldum. 

Qeyd etdiyim kimi, yerli yağ is­tehsalçılarının da bir çoxu normal keyfiyyətdə məhsul istehsal edirlər. Bir çox yaxın ölkələrdən, xüsusən, Rusiya və digər yerlərdən gətirilən yağlarda problemlər həmişə olub. Başqa ölkələrdən – Almaniyadan və Fransadan gətirilən yağlar isə təmiz və keyfiyyətlidir. Yeri gəlmişkən, əv­vəllər hətta Yeni Zelandiya yağları­nın da saxta variantı Gürcüstandan ölkəmizə gətirilirdi. Yaxşı ki, artıq bunun da qarşısı alınıb. 

Əgər istehlakçı dükana girib qab­laşdırılmış, üstündə etiketi olan yağı almaq istəyirsə, məsləhət görürəm ki, məhsulu əlində sıxsın. Bu zaman hansı yağ onun əlinə bərk gəlirsə, o, daha çox kərə yağıdır. Donmuş hal­da olan kərə yağı kəsildikdə ovxa­lanıb tökülür, səlis kəsilmir. Təmiz kərə yağı sümük rəngində, bircinsli olur, kəsiləndə arasında başqa rəng­lər gözə dəymir. Şübhəsiz, bütün bunlar kərə yağını ilkin olaraq tanı­maq üçün vizual olaraq nəzərə çar­pan hallardır. Lakin əsl kərə yağı əri­dildikdə özünü tam büruzə verir. Bu, həm də özünü qoxusunda və ərimiş yağın həcmində özünü göstərir. Bəzən əsl kərə yağının qiyməti is­tehlakçıların narazılığına səbəb olur. Əslində isə normal kərə yağının qiy­məti 20-24 manat olmalıdır.

Həkim-dietoloq Leyla Zülfüqarlı: 

Hazırda Azərbaycanın qida səna­yesi bazarında çox ciddi nöqsanlar var. Hətta mövcud vəziyyəti qida terroru kimi də xarakterizə etmək olar. Bu sahədə ən böyük nöqsan­lar, təhlükəli hallar yağ bazarında müşahidə olunur. Düşünürəm ki, ti­carət şəbəkələrində satılan yağlarla bağlı ciddi araşdırma aparılmalıdır. Bu zaman aşkar olunan saxta, insan orqanizmi üçün təhlükəli yağlar dər­hal satışdan yığışdırılmalı, onların yerini daha sağlam məhsullar əvəz etməlidir.

İndi əhalini bir məsələ daha çox düşündürür: hansı yağlara güvən­mək olar? Bu suala isə birmənalı cavab vermək çətindir. Çünki daxi­li bazarda yağlar həddindən artıq çoxdur. Həmin məhsulların əksəriy­yətinin isə mənşəyi və tərkibi qey­ri-müəyyəndir. Bəs, bu cür yağların ziyanı nədir? Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, yağ keyfiyyətsiz olduqda onu qəbul edərkən orqaniz­mə çoxlu miqdarda doymuş və doy­mamış yağ turşuları daxil olur. Trans yağlar və spred yağlar müəyyən biokimyəvi proseslər nəticəsində yarımparçalanmaya məruz qalır. Bu zaman onların tərkibində orqanizm üçün yad maddələr formalaşır. Bun­lar da qatqı maddəsi olaraq toksin kimi orqanizmdə qalır. 

Son illər ölkəmizdə ürək, qan-da­mar xəstəlikləri və ürək tutmalarının artması müşahidə olunur. Bu zaman şuntlamalar edilir, stend qoyulur. Bunun da əsas səbəbi damarların mənfəzinin daralması və tıxanıq­lığın yaranmasıdır. Bütün bunlar keyfiyyətsiz yağların törətdiyi fə­sadlardır. Keyfiyyətsiz yağlar təkcə ürək-damar xəstəliklərinə, kardiolo­ji aspektdən ürəyin zədələnməsinə səbəb olmur, eyni zamanda, şəkərli diabetin yaranmasına, piylənmənin yüksək dərəcəyə gəlib çatmasına, təzyiqin yüksək olmasına, eləcə də aşağı ətraflarda hərəkət məhdudiy­yətinə gətirib çıxarır. Hərəkət məh­dudiyyəti ilə əlaqədar insan oturaq həyata keçir ki, bu da bir sıra xroniki xəstəliklərə yol açır.

Tərkibində olan trebesidlərin və doymuş yağ turşularının zənci­rində parçalanmanı əmələ gətirən hidrogen atomlarının çoxalmasına səbəb olan trans yağlar orqanizm­də “HDL” xolesterini azaldır, əksinə “LDL”, yəni pis xolesterini çoxaldır. Yeri gəlmişkən, Ümumdünya Səhiy­yə Təşkilatının müəyyən etdiyi nor­mativə əsasən, orqnizmdə “LDL” maksimum 130-140-ın üzərində ol­malıdır Amma son zamanlar apar­dığım müşahidələrdən məlum olur ki, “LDL” 160-ın üzərində, yəni pis xolesterini yüksək olan, risk qru­puna aid insanlar var. Nəticə olaraq həmin şəxslərdə müəyyən müddət­dən sonra yaranan xolesterid damar mənfəzinin həddindən artıq daral­masına gətirib çıxarır. Bu zaman bü­tün qanı orqanizmə daşıyan damar­lar ən vacib resurs olan oksigeni, hemoqlobin-oksigeni hüceyrələrə, toxumalara çatdıra bilmir. Bu da in­sanda bioloji ölümü tezləşdirə bilər. Belə təhlükələrlə üzləşməmək üçün isə hər birimiz keyfiyyətli məhsullar­la qidalanmalıyıq.

© Vaqif BAYRAMOV, Mirbağır YAQUBZADƏ, "Xalq Qəzeti"

15.12.2023 10:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ