Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İkitəkərli təhlükə

Dünyada təşviq edilən "e-skuter"lər Bakıda problemlər yaradır
iç səhifə xəbər başlığı altı (mobil)_31
İkitəkərli təhlükə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Paytaxt sakinləri asudə vaxt keçirmək və ya gəzinti üçün parklara üz tuturlar. Təəssüf ki, burada da son dövrlər "e-skuter"lərin, velosipedlərin əlindən nə istirahət edə, nə də gəzə bilirlər. 

Son günlər bununla bağlı tez-tez müxtəlif fikirlər eşitsəm də, baş verən hər hansısa real hadisə ilə qarşılaşmamışdım. Amma ötən gün Mərkəzi Parkda şahidlik etdiyim mənzərə söylənilən fikirlərin həqiqət olduğuna şübhə yeri qoymadı. 

Reklam_3_11

Mərkəzi Parkda gəzərkən bir neçə gəncin "e-skuter" sürdüklərini gördüm və başladım onların hərəkət istiqamətlərini müşahidə etməyə. Birdən hiss etdim ki, həmin gənclərdən biri arxa tərəfdən sürətlə gəlir. Tez kənara çəkildim. O, məni ötər-ötməz arxası ilə iki-üç "e-skuter" də sürətlə yanımdan keçdi. Yol üzüaşağı olduğundan onlar sürətlə hərəkət edirdilər. Gənclər gözdən itməmişdi ki, irəlidən səs-küy gəldi. Nə baş verdiyini bilmək üçün səs gələn tərəfə gəldim. Demə, gənclər parkdan çıxıb piyada səkisindən keçən zaman orada yol gedən gənc qızı vurub yıxmışlar. Qız da, özləri də təhlükə ilə üz-üzə qalmışdılar.

Məsələnin aktuallığını nəzərə alıb onu araşdırmağa qərar verdik.

Uzun müddətdir ki, ölkəmizdə də geniş yayılan elektrik skuterlərdən istifadə bir dəb olub. Düzdür, xaricdə də bu nəqliyyat vasitəsindən az istifadə edilmir.  Hətta 18 yaşdan yuxarı (qaydalara əsasən, əksər ölkələrdə yalnız 18 yaşdan yuxarı şəxslərin "e-skuter"dən  istifadə etməsinə icazə verilir) hər kəs müəyyən məsafələri daha rahat və tez qət etmək üçün elektrik skuterlərə üstünlük verirlər. Çünki bu, ictimai nəqliyyatdan həm ucuz başa gəlir, həm də ünvana tez çatmaq olur. 

Amma ölkəmizdə bu, gənclərin daha çox əyləncə məqsədilə istifadə etdiyi vasitədir. Parklarda, xüsusən Dənizkənarı Milli Parkda bunun daha çox şahidi oluruq. Yeriyəndə hər an sağa, sola diqqət etməyə çalışırıq ki, "e-skuter"lə üz-üzə qalmayaq. Təbii ki, velosipedlərlə bağlı da bu problem var. Əvvəllər ancaq ayrılmış ərazidə velosiped sürməyə icazə verilirdisə, indi artıq bulvarın hər yerində onlara rast gəlmək olar. Elə bunu Milli Parkın sınıb-dağılmış daşlarından da görmək mümkündür. Yeri gəlmişkən, Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətindən bildirilib ki, çoxsaylı şikayətlərdən sonra "e-skuter"lərin bulvar ərazisində hərəkətinə qadağa qoyulub. Qadağanın nə vaxt götürüləcəyi isə hələ bəlli deyil.

Bəs bu sahədə  dünya təcrübəsi necədir

Avropada elektrik skuterlərinin istifadəsi ilə bağlı bəzi qaydalar var. Amma onlar ölkədən-ölkəyə dəyişir. Məsələn, Niderlandda elektrikli skuter sürmək üçün lisenziya lazımdır və onların istifadəsinə velosiped yollarında və ya piyadalar üçün nəzərdə tutulmuş ərazilərdə icazə verilmir. Almaniyada qaydalar daha fərqlidir. Belə ki, skuterin sürəti 25 km/saatdan aşağıdırsa və maksimum çəkisi 20 kq olarsa, lisenziyaya ehtiyac yoxdur. Amma gecə vaxtı skuter sürdüyünüzü göstərən yansıtıcı jilet geyinməlisiz. Avstriya elektrik skuterlər ilə moped, elektrik və motorlu velosipedlər kimi digər motorlu nəqliyyat vasitələri arasında fərq qoyur. Yəni bu ölkədə e-skuterlər üçün heç bir lisenziya və ya sığorta tələb olunmur. Bəzi yaş məhdudiyyətləri isə var. Belə ki, elektrik skuter sürmək istəyən 12 yaşlı uşaqlara ən azı 16 yaşında olan şəxslər nəzarət etməlidirlər. Bundan əlavə, 12 yaşdan kiçik uşaqlar dəbilqə geyinməlidirlər. 2019-cu ilə qədər İtaliyada "e-skuter"lərin istifadəsi ilə bağlı rəsmi qanunvericilik bazası yox idi. Bu sahədə qaydalar yalnız həmin ilin ortalarında qüvvəyə minib. Nəticədə ölkənin Nəqliyyat Nazirliyi elektrik skuterlərinin yollarda və piyadalar üçün nəzərdə tutulmuş ərazilərdə idarəsi barədə qərar verib. Lakin piyadaların keçdiyi ərazidə sürət 6, velosiped zolaqlarında 20, ictimai yollarda isə 30 km/saatı aşmamalıdır. Bundan başqa, yollarda istifadə zamanı istifadəçi təhlükəsizlik üçün xüsusi geyim və ya işığı əks etdirən qolbaq taxmalıdır. 

Ölkələrin siyahısını uzatmaq olar. Amma düşünürük ki, bunlar kifayətdir. 

Azərbaycanda da "e-skuter" istifadəçiləri məsuliyyətdən kənar deyillər

Azərbaycanda "e-skuter"lərin hərəkətini tənzimləyən xüsusi qaydalar yoxdur. Ancaq bu o demək deyil ki, onlar məsuliyyətdən kənardırlar. Elektroskuter istifadəçiləri ən azından yol hərəkət iştirakçısı kimi ölkədə mövcud olan qaydalar çərçivəsində məsuliyyət daşıyırlar. 

Əlavə olaraq Azərbaycanda "e-skuter"lərin satışı və icarəsi ilə məşğul olan  "Escooter.az", "Jet" kimi şirkətlərin səhifəsində "e-skuter"dən istifadə qaydaları var.  Qaydalarda velosiped zolağının sağ tərəfi ilə hərəkət edilməsi, digər istifadəçilərlə məsafə saxlamaq, qoruyucu dəbilqədən istifadə etmək və digər fəndlərdən yayınmaq tövsiyə olunur. 

Qeyd edək ki, elektrik skuterdən istifadə etmək üçün mobil tətbiq telefona yüklənilir. Proqramda qeydiyyatdan keçdikdən sonra "e-skuter" seçilir. Daha sonra mobil tətbiq vasitəsilə yaxınlıqda olan "e-skuter"in üzərindəki "QR kodu" oxutmaqla səyahətə başlamaq mümkündür. Gediləcək ünvana çatdıqda isə "e-skuter" park edilir. Səfərin ümumi müddətinə görə kartdan vəsait çıxılır. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında deyib ki, "e-skuter" istifadəçiləri digər hərəkət iştirakçıları kimi məsuliyyət daşıyır və qaydaları pozduqda cərimələnirlər. Onun sözlərinə görə, elektrik skuterlər sürənlər "Yol hərəkəti haqqında" qanunun 46-cı maddəsində nəzərdə tutulduğu kimi, vəzifə və hüquqlara malikdirlər. Hər bir "e-skuter" idarə edən şəxs nəzərdə tutulmuş qaydada yolun sağ hissəsi ilə bütün qaydaları icra etməklə hərəkət edə bilər. 

A.Əsgərli xəbərdarlıq edir ki, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən, "e-skuter" istifadəçisi piyada yolu ilə hərəkət edirsə, bu, inzibati məsuliyyət yaradır, çünki o, tələbləri pozur: "Burada digər məsələ də var. Əgər "e-skuter" piyadaya dəyirsə və o, xəsarət alırsa, bu, vəziyyətin fərqli formada araşdırılmasını tələb edir. Bu zaman kiminsə sağlamlığına vurduğu ziyanın dərəcəsinə görə araşdırma aparılır. Hadisə nəticəsində insan yüngül və az ağır, hətta ağır xəsarət ala bilər. Bu da araşdırmanın gedişini dəyişdirən amillərdir". DYP baş inspektoru onu da bildirib ki, dəbilqədən istifadə etmədikdə 40, digər hallara görə, yəni İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən isə 20-100 manat məbləğində cərimələr müəyyən olunub.

Elektrik skuteri harada sürək?

Deyilənlər göstərir ki, "e-skuter" istifadəçiləri kifayət qədər məsuliyyətli və diqqətli olmalıdırlar. Xüsusən də piyada səkilərində. Çünki kiminsə xəsarət alması, onun şikayəti, hətta xəsarətinin ağırlıq dərəcəsi istifadəçinin məsuliyyətini artıra bilər. 

Təbii ki, burada haqlı olaraq bir sual da ortaya çıxır: parkda sürmə, piyada yolunda olmaz, avtomobil yoluna çıxma. Bəs müasir və ekoloji olan bu mini nəqliyyat vasitəsini harada sürək?

Polis mayorunun da dediyi kimi, bu minik vasitəsinin həvəskarları yolun sağ kənarı ilə  qaydalara riayət etməklə hərəkət edə bilərlər. Amma qəbul edək ki, bu zaman da onlar üçün təhlükə qalır. Ona görə gənclər elektrik skuterlərdən daha çox əyləncə məqsədi kimi istifadə edirlər. Bunun üçün onlar parklara, bağlara üz tuturlar. Burada isə asudə vaxt keçirmək üçün gələn vətəndaşları rahatsız edirlər. Onların şikayəti əsasında qadağalar tətbiq olunur. Belə çıxır ki, "e-skuter"lərin hərəkəti yalnız velosiped zolaqlarında mümkündür. Paytaxtda isə belə zolaqların heç velosipedlərə bəs etmədiyi çoxdankı faktdır. 

Qanunvericilikdə skuterlərin statusu müəyyən edilməlidir

Bu barədə suallarımızı məsuliyyətli quruma - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanlasaq da, tam, aydın cavab ala bilmədik. Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, ilk növbədə qanunvericilikdə "e-skuter"lərin statusu müəyyən edilməlidir: "İnfrastruktur tərəfinə gəldikdə isə beynəlxalq təcrübədə elektrik skuterlər daha çox velosiped yollarından, bu olmadıqda yolun hərəkət hissəsinin sağ kənarında aşağı sürətlə istifadə edirlər. "E-skuter"lərin səkilərdə hərəkəti piyadaların hərəkət təhlükəsizliyi baxımından risk yaradır". 

Bütün bunlardan sonra o qənaətə gəlmək olar ki, "e-skuter"lərin nəqliyyat vasitəsi olub-olmamasına aydınlıq gətirilməli, buna əsasən qanunvericilikdə dəyişikliklər edilməlidir.

Texnoloji inkişaf yeni nəqliyyat vasitələrinin ortaya çıxmasına səbəb olur. Buna görə də qlobal tendensiyadan kənarda qalmamalı, həmçinin ictimai nəqliyyatın işinə kömək edən müxtəlif vasitələrin tətbiqinə, istifadəsinə şərait yaradılmalıdır. Bununla belə, digər hərəkət iştirakçılarının, o cümlədən piyadaların təhlükəsizliyinin təminatı da unudulmamalıdır. Deməli, ortaq məxrəc tapıb onu qanunla tətbiq etmək lazımdır. Yalnız belə olarsa, indi "ikitəkərli təhlükə" kimi qəbul etdiyimiz "e-skuter" bu qorxulu "status"dan qurtula bilər. 

© "Azərbaycan", Əsmər QARDAŞXANOVA,

Escooter Jet skuter
08.06.2023 11:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ