Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

DSMF-nin sərbəst vəsaitləri investisiyaya yönəldiləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
DSMF-nin sərbəst vəsaitləri investisiyaya yönəldiləcək

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə biləcək.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Sosial sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, sərbəst vəsait dövlət sosial müdafiə fondunun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq, investisiya gəliri isə investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərqdir. Dəyişikliyə görə, investisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanacaq və onların uçotu ayrıca aparılacaq.

İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçiriləcək.

Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 3.2.11-ci yarımbəndinə əsasən, sosial sığorta haqları üzrə sərbəst vəsaitin yerləşdirilməsi ilə bağlı investisiya fəaliyyətindən gəlir əldə etmək Fondun hüququdur. Qeyd ediləni nəzərə alaraq, dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi məqsədilə həmin fəaliyyətin hüquqi əsaslarının müəyyən edilməsi üçün “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi zərurəti yaranıb.

Dövlət sosial müdafiə fondunun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müsbət qalıq müəyyən edildikdə həmin vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldilə bilər.

Eyni zamanda layihədə sərbəst vəsaitin investisiyaya yönəldilməsi ilə bağlı fəaliyyətin qanundan irəli gələn müvafiq qaydada detallaşdırılması təklif edilir.

Bununla belə layihədə investisiyaya yönəldilən sərbəst vəsaitin, investisiya gəlirlərinin və onun istifadə olunmamış qalığının istənilən bankda deyil, məhz Azərbaycan Respublikasının Mərkəzi bankında açılmış hesaba toplanacağı və uçotunun ayrıca aparılacağı xüsusi olaraq vurğulanır. Habelə həmin vəsaitlərin növbəti büdcə ilinə keçirilmə forması açıqlanır.

Bu isə Fonda ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etməklə yanaşı, sərbəst vəsaitlərin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunub saxlanılması və əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verəcək.

XXX

“Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 835-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

XXX

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması;

1.1.2. məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması – sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının bu Qanunun 14-1-ci maddəsində nəzərdə tutulan hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sığortaedənlərə (sığortaolunanlara) ödənilən əvəzsiz maliyyə vəsaitidir;

1.1.3. sərbəst vəsait – dövlət sosial müdafiə fondunun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq;

1.1.4. investisiya gəliri – investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərq;

1.1.5. sosial sığorta hadisəsi – sığortaolunana sığorta ödəməsinin ödənilməsi üçün əsas olan bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan hallar;

1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər;

1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər;

1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər;

1.1.9. sığortaolunanın sığorta stajı – sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti;

1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti;

1.1.11. dövlət sosial müdafiə fondu – dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondu.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.”;

1.2. 4-cü maddənin birinci hissəsi, 8-ci maddənin ikinci – beşinci hissələri və 14.1-ci maddə ləğv edilsin;

1.3. 19-cu maddə üzrə:

1.3.1. 19.1-ci maddənin üçüncü cümləsi çıxarılsın;

1.3.2. aşağıdakı məzmunda 19.1-1-ci və 19.1-2-ci maddələr əlavə edilsin:

“19.1-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə bilər. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanır və onların uçotu ayrıca aparılır. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.

19.1-2. Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.”.

Maddə 2. Keçid müddəa

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsi 2023-cü il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək qüvvədədir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2023-cü il

XXX

Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-2-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin (bundan sonra – sərbəst vəsait) investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Sosial sığorta haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.

2. İnvestisiya fəaliyyətinin həyata keçirilməsi prinsipləri

2.1. İnvestisiya fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

2.1.1. təhlükəsizlik;

2.1.2. likvidlik;

2.1.3. gəlirlilik;

2.1.4. müxtəliflik.

3. Sərbəst vəsaitin idarə olunması qaydası və yerləşdirilməsi istiqamətləri

3.1. Sərbəst vəsaitin investisiyaya yönəldilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən yaradılan İnvestisiya Şurasının tərkibinə, sədr Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri (bundan sonra – nazir) olmaqla, Nazirliyin iki nümayəndəsi, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) İdarə Heyətinin sədri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələri daxil edilirlər. İnvestisiya Şurasının fəaliyyəti Nazirliyin təsdiq etdiyi əsasnamə ilə tənzimlənir.

3.2. Bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulan hər bir maliyyə aləti üzrə investisiyanın müddəti, bu müddətdə gəlirlilik hədəfi, investisiyanın minimal və maksimal həcmi, risk təhlilləri, o cümlədən maliyyə və əməliyyat riskləri, kontragentlərin seçilməsi, əqdlərin bağlanması və kredit riskinə dair tələblər, habelə investisiya strategiyası ilə bağlı digər məsələlər hər il üçün İnvestisiya Şurası tərəfindən qəbul edilən investisiya siyasəti sənədində müəyyən olunur.

3.3. İnvestisiya fəaliyyəti ilə bağlı qərarların hazırlanaraq təsdiq olunması İnvestisiya Şurasına təqdim edilməsi, habelə investisiya fəaliyyətinin həyata keçirilməsinin təşkili məqsədilə Fondun İdarə Heyətinin qərarına əsasən Fondda İnvestisiya Komitəsi yaradılır. İnvestisiya Komitəsinin fəaliyyəti İdarə Heyətinin təsdiq etdiyi əsasnamə ilə tənzimlənir.

3.4. Sərbəst vəsait aşağıdakı maliyyə alətlərinə investisiya edilir:

3.4.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızlarına;

3.4.2. Azərbaycan Respublikası Mərkəzi Bankının qiymətli kağızlarına;

3.4.3. dövlət zəmanəti ilə təmin olunmuş istiqrazlara;

3.4.4. bu Qaydanın 3.4.1–3.4.3-cü yarımbəndlərində qeyd olunan qiymətli kağızlar üzrə repo və əks-repo əməliyyatlarına;

3.4.5. bu Qaydanın 4-cü hissəsinin tələblərinə cavab verən banklarda yerləşdirilən depozitlərə.

3.5. Sərbəst vəsaitin Nazirlik tərəfindən müəyyənləşdirilən investisiyaya yönəldiləcək məbləği bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulan maliyyə alətlərinə milli valyutada investisiya edilir.

3.6. İnvestisiya fəaliyyətini Fond həyata keçirir.

3.7. Bu Qaydanın 3.4-cü bəndində göstərilənlər istisna olmaqla, sərbəst vəsait səhmlərə, törəmə maliyyə alətlərinə, o cümlədən qiymətli metal və daşlara, daşınmaz əmlakın və malların alınmasına, xarici investisiya bazarlarına və digər istiqamətlərə investisiya edilə bilməz.

3.8. Sərbəst vəsaitin investisiyaya yönəldiləcək məbləği, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Fondun Mərkəzi Bankdakı hesabında saxlanılır.

3.9. Sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsinin, investisiya gəlirlərinin, onun istifadə olunmamış qalığının və xərclərin uçotu Fondda ayrıca aparılır.

4. Sərbəst vəsaitin banklarda depozitə qoyulma şərtləri

4.1. Bir banka qoyulan depozitin məbləği həmin bankın xalis aktivinin 10 (on) faizindən çox olmamalıdır.

4.2. Banklarda depozitə yerləşdirilən investisiyanın ümumi məbləği investisiya portfelinin 5 (beş) faizi həcmindən çox olmamalıdır.

4.3. Banklara depozitə yerləşdirilən investisiyalar üzrə faiz dərəcələri fond birjasında bağlanan sonuncu əqd üzrə həmin müddətə yerləşdirilən dövlət istiqrazlarının gəlirlilik dərəcəsindən aşağı olmamalıdır.

4.4. Sərbəst vəsait aşağıdakı meyarlara cavab verən banklarda depozitə qoyulur:

4.4.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən, aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklara;

4.4.2. Fondun sərbəst vəsaiti hesabına əvvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ildə gecikmiş öhdəliyi olmayan banklara.

5. İnvestisiya gəlirlərindən istifadə edilməsi

5.1. İnvestisiya gəlirlərindən aşağıdakı istiqamətlərdə istifadə oluna bilər:

5.1.1. investisiya fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi və təkrar investisiya məqsədləri;

5.1.2. sosial müdafiə ilə bağlı islahatların maliyyələşdirilməsi;

5.1.3. müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi;

5.1.4. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial infrastrukturun yaradılması ilə bağlı xərclər;

5.1.5. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər istiqamətlərdə.

5.2. İnvestisiya gəlirləri üzrə xərclərin bölgüsünü hər il üçün Nazirliyin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.

5.3. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.

6. Hesabatlılıq

İnvestisiya fəaliyyəti, o cümlədən həmin fəaliyyətin nəticələri barədə Nazirlik tərəfindən ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim edilir.

17.04.2023 15:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ